Trampın SEPAH rəhbəri ilə gizli əlaqə yaratdığı iddia edilir
ABŞ Prezidenti Donald Trampın İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani vasitəsilə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidi ilə gizli əlaqə yaratdığı iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə üç məlumatlı mənbəyə istinadən "Axios" məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp administrasiyası may ayında rəsmi İran nümayəndə heyətinin danışıqlarda qərar qəbul etmək səlahiyyətinə malik olduğuna şübhə edərək SEPAH rəhbərliyi ilə gizli əlaqə kanalı qurub.
Məlumata əsasən, mayın 10-da ABŞ-ın keçmiş Milli Kəşfiyyat direktoru Tulsi Qabbard Tramp və vitse-prezident Cey Di Vensin razılığı ilə Neçirvan Bərzaniyə zəng edib. Ondan Əhməd Vahidi ilə əlaqə yaratmağa kömək etməsi xahiş olunub.
Tehran Universitetində təhsil alan, fars dilində sərbəst danışan və bir sıra İran rəsmiləri ilə şəxsi əlaqələri olan Bərzani bu təklifi qəbul edib.
"Axios"un mənbələrinə görə, gizli telefon danışığı zamanı SEPAH komandanı ABŞ-la danışıqlara hazır olduğunu və münaqişənin diplomatik yolla həllində maraqlı olduğunu bildirib. Vaşinqton Ərbildə gizli görüş keçirilməsini təklif etsə də, İran tərəfi İsrail kəşfiyyatının mümkün iştirakından ehtiyatlanaraq buna razı olmayıb.
Nəşr qeyd edib ki, son hadisələr Vaşinqtonun Tehranla danışıqlarda üzləşdiyi əsas problemlərdən birini – İranda yekun qərarları kimin verdiyinə dair qeyri-müəyyənliyi – bir daha ortaya çıxarıb.
"Axios" həmçinin yazıb ki, müharibə zamanı İranın ali rəhbəri Əli Xameneinin və digər yüksək vəzifəli şəxslərin öldürülməsi SEPAH-ın ölkədə hakimiyyət rıçaqlarına nəzarətini əhəmiyyətli dərəcədə artırıb.
Mənbələrin bildirdiyinə görə, Neçirvan Bərzani son günlər Ağ Evə ABŞ-İran danışıqlarının bərpasına yardım göstərməyə hazır olduğunu bildirən mesaj göndərib.
Bununla belə, "Axios"un qənaətinə əsasən, danışıqların qarşısındakı əsas maneə vasitəçilərlə bağlı deyil. Əsas problem İranın Hörmüz boğazına dair mövqeyidir və Tehranının bu məsələdə yaxın vaxtlarda mövqeyini dəyişməsi ehtimalı aşağı qiymətləndirilir.
Oxşar xəbərlər
Polşada XVII əsrə aid tarixi kilsə yanğında məhv olub
Polşanın Sanok şəhərində yerləşən Xalq Memarlığı Muzeyinin ərazisində baş verən yanğın nəticəsində XVII əsrə aid taxta kilsə tamamilə yanaraq məhv olub. BAKU.WS...