Trampdan dünya üzrə dərman qiymətlərini silkələyəcək fərman – ABŞ-də qiymətlər ucuzlaşacaq, digərlərində isə…

ABŞ Prezidenti Donald Tramp reseptlə satılan dərman və əczaçılıq məhsullarının qiymətlərini kəskin şəkildə ucuzlaşdıracaq fərman imzalayacağını açıqlayıb. Tramp, bu qərarın ABŞ tarixindəki ən mühüm prezident fərmanlarından biri olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, o, "Truth Social" platformasında paylaşdığı açıqlamada bildirib ki, Ağ Evdə keçiriləcək tədbirdə fərmanın imzalanması ilə ABŞ dərman qiymətlərinin ən aşağı olduğu ölkəyə çevriləcək:
"Reseptli dərman və əczaçılıq məhsullarının qiymətləri demək olar ki, dərhal 30%-dən 80%-ə qədər azalacaq. Bununla yanaşı, dünya üzrə qiymətlər artacaq ki, bu da bərabərliyi təmin edəcək və illər sonra ilk dəfə Amerikaya ədalət gətiriləcək."
Tramp əlavə edib ki, uzun illərdir dünyada insanlar eyni dərmanın ABŞ-də niyə digər ölkələrə nisbətən 5-10 dəfə baha satıldığını soruşur və bu fərqi izah etmək çox utancverici olub:
"İllərdir dərman şirkətləri bu qiymət fərqini AR-GE (elmi-tədqiqat) xərcləri ilə əsaslandırır və bütün bu xərclərin guya səbəbsiz yerə yalnız Amerika xalqı tərəfindən ödənildiyini iddia edirdilər. Lakin bu, qəbulolunmazdır."
Prezident Tramp bildirib ki, dərman şirkətlərinin seçki kampaniyalarına etdiyi ianələr "möcüzələr yaratsa da", bu, nə Trampın özü, nə də Respublikaçılar Partiyası üçün keçərli deyil.
"Düzgün olanı edəcəyik. Demokratların illərdir edə bilmədiyini biz həyata keçirəcəyik. Fərmanın məqsədi ABŞ vətəndaşlarına daha əlçatan sağlamlıq xidməti təqdim etməkdir. Amerika dünyanın istənilən yerində ən ucuz qiymət ödəyən ölkə ilə eyni qiymət ödəyəcək. Bu, ölkəmizə ədalətli münasibət deməkdir."
Tramp fərmanın ABŞ üçün trilyonlarla dollar qənaət təmin edəcəyini və bu qərarla "Amerikanı yenidən böyük edəcəyini" də sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Hindistan Pakistanın suya çıxışını bərpa edib
Hindistan və Pakistan arasında gərginləşmiş münasibətlərdə yumşalma müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu gün Hind çayı üzərindəki bəndlərdən biri açılıb...
