Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub

Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub
Dünya 18

Beynəlxalq geoloqlar qrupu 3,1 milyard il əvvəl suyun Yer kürəsinin dərinliklərinə daxil olaraq vulkan püskürmələrinə səbəb olduğunu müəyyənləşdirib.

BAKU.WS xəbər verir ki, Avstraliyanın Adelaide Universitetinin geokimyaçısı doktor Erik Vandenburqun rəhbərlik etdiyi tədqiqat qrupu Qərbi Avstraliyanın Pilbara bölgəsindəki ən qədim vulkanik süxurları araşdırıb.

Tədqiqat zamanı müəyyən edilib ki, müasir Sakit okeanın "Od halqası"na bənzər vulkanik strukturlar yerin kilometrlərlə dərinliyinə daxil olan suyun maqmanı hərəkətə gətirməsi nəticəsində yaranıb.

Alimlərin fikrincə, Yer kürəsinin ilkin dövrlərində planet müasir tektonik plitələrin hərəkət edə bilməsi üçün həddindən artıq isti olub. Bu səbəbdən su mantiyaya "damcı batması" adlandırılan fərqli mexanizmlə daxil olub.

Bu proses zamanı soyuq xarici qabıqda su ilə zəngin ağır hissələr zamanla isti mantiyanın daxilinə çöküb. Burada ayrılan su isə böyük vulkan püskürmələrinə səbəb olan maqmanın formalaşmasını sürətləndirib.

Doktor Vandenburq bildirib ki, əldə olunan nəticələr erkən Yerin düşünüldüyü kimi sabit deyil, əksinə, olduqca dinamik olduğunu göstərir. Alimlər hesab edirlər ki, araşdırmanın nəticələri qitələrin ilkin formalaşmasını və Yerin bugünkü geoloji quruluşuna necə çevrildiyini anlamaq üçün mühüm əhəmiyyət daşıyır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər