Səudiyyədən neftlə bağlı ciddi xəbərdarlıq: Ehtiyatlar kritik həddə çatıb
Dünyada neft tədarükündə mümkün fasilələrin təsirini azaltmaq üçün istifadə olunan ehtiyatların səviyyəsi təhlükəli dərəcədə aşağı düşüb.
BAKU.WS-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"nun rəhbəri Amin Nasser bildirib.
Onun sözlərinə görə, qlobal neft ehtiyatları hazırda "qorxuducu dərəcədə aşağı" səviyyədədir. Bu vəziyyət xüsusilə Hörmüz boğazında gəmi hərəkətinin bərpa olunmaması halında neft bazarında ciddi gərginliyə səbəb ola bilər.
Amin Nasser xəbərdarlıq edib ki, belə vəziyyətdə neft məhsullarının qiymətləri kəskin arta bilər.
O qeyd edib ki, strateji ehtiyatların bazara buraxılması vəziyyəti müəyyən müddətə yüngülləşdirə bilər. Lakin bu addım neftə olan tələbatla təklif arasındakı balanssızlığı aradan qaldırmayacaq.
"Saudi Aramco" rəhbərinin sözlərinə görə, Hörmüz boğazından neft daşımalarının bərpasından sonra belə, ölkələrə strateji ehtiyatlarını əvvəlki səviyyəyə çatdırmaq üçün iki ilədək vaxt lazım ola bilər.
Nasser əlavə edib ki, İsrail və ABŞ-ın İranla münaqişəsi dövründə "Saudi Aramco" xaricdə yerləşən neft anbarlarından istifadə etməklə və zədələnmiş infrastrukturun operativ şəkildə bərpası hesabına tədarükün davamlılığını qoruyub.
Hazırda şirkət neft ixracı üçün alternativ marşrutlar axtarır və xarici ölkələrdə əlavə saxlama imkanlarının yaradılması üzərində işləyir. Məqsəd neftin dünya bazarlarına çatdırılmasında hər hansı bir marşrutdan və ya nəqliyyat üsulundan həddindən artıq asılılığı azaltmaqdır.
Bununla yanaşı, Hörmüz boğazında yaranan problemlərin qlobal ərzaq bazarına da təsir göstərə biləcəyi bildirilir.
Məlumata görə, dünya üzrə gübrə tədarükünün təxminən üçdə biri bu boğaz vasitəsilə həyata keçirilir. Beynəlxalq Ticarət Palatasının baş katibi Con Dentonun sözlərinə görə, hazırda gübrələrin istehsalı və tədarükü üzrə əlçatan imkanlar təxminən 40 faiz azalıb və dünya bazarı 2,7 milyon tona yaxın məhsuldan məhrum olub.
Bundan əvvəl BMT də Hörmüz boğazının bağlanmasının qlobal iqtisadiyyat və ərzaq təhlükəsizliyi üçün ciddi nəticələr yarada biləcəyi barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
Avropada növbəti muzeyi soymaq istədilər
Avropada muzeylərə qarşı oğurluq cəhdlərinin sayı ilə bağlı yeni hadisə qeydə alınıb. BAKU.WS xəbər verir ki, Parisdə yerləşən "Nissim de Kamondo" muzeyinə namə...