Rusiyada nazir müavini saxlanıldı
Rusiyada energetika nazirinin müavini Sergey Moçalnikov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
İrina Volk qeyd edib ki, nazir müavininin qanunsuz fəaliyyəti Rusiya Maliyyə Monitorinqi Federal Xidməti və Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksində İqtisadi Təhlükəsizlik Departamentinin mütəxəssisləri tərəfindən aşkar edilib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, 2014-cü ildən 2023-cü ilədək Energetika Nazirliyinin vəzifəli şəxsləri nəzarətləri altında olan təşkilatlarla bir sıra müqavilələr bağlayıblar. Müqavilələrdə zərərlə işləyən və perspektivsiz kömür şaxtaları və karxanalarının ləğvi üzrə podrat işlərinin yerinə yetirilməsi qeyd olunub.
Lakin lazımi işlər tam həcmdə görülməyib. Buna baxmayaraq, Rusiya Energetika Nazirliyinin və səlahiyyətli dövlət büdcə müəssisəsinin nümayəndələri işlərin qəbulu və ekspert rəylərini razılaşdırıb. Bu da pulların köçürülməsi üçün əsas olub. 2024-cü ilin iyun ayının sonunda sxemin iki iştirakçısına ittiham elan edilib və onlar həbs olunublar.
İrina Volk əlavə edib ki, əməliyyatçılar Sergey Moçalnikovun və Energetika Nazirliyinin rəhbər heyətindən olan vəzifəli şəxslərin xüsusilə külli miqdarda büdcə vəsaitlərinin mənimsənilməsinə aidiyyəti olduğunu müəyyən ediblər. Artıq dörd şübhəli şəxs saxlanılıb. Həmçinin energetika nazirinin müavini barəsində "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
"Fənərbağça" klubunun prezidentinin şərhinə görə tələbələr PULSUZ DÖNƏR yedilər
Sosial şəbəkələrdə restoran və iaşə obyektləri diqqət çəkmək və müştəri qazanmaq üçün fərqli üsullara əl atmağa davam edir. Bəziləri xüsusi şoularla, digərləri...