Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir

Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir
Siyasət 37

‎Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə növbəti səfəri Ermənistanın revanşist dairələrində yenidən ciddi narahatlıq yaradıb.

Ermənistan cəmiyyətində və mediasında səsləndirilən aqressiv fikirlər, diplomatların səfərinə qarşı aparılan kampaniya, əslində, rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyü və regionda formalaşmış yeni reallıqlara münasibəti ilə bağlı ciddi suallar doğurur.

BAKU.WS xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

‎O bildirib ki, diplomatların səfəri yalnız Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanındığını təsdiqləyən siyasi mesaj deyil, eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda gedən böyük quruculuq prosesinin dünyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

‎Deputatın fikrincə, səfərlərin mahiyyətində baş verən dəyişiklik xüsusi diqqətə layiqdir: "Əgər əvvəlki səfərlərdə diplomatlar daha çox Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizmin nəticələri ilə tanış olurdularsa, artıq bu gün onlar tamam başqa mənzərənin şahididirlər. Dağıdılmış şəhərlərin və kəndlərin yerində yeni həyat qurulur, yollar, məktəblər, xəstəxanalar, yaşayış məhəllələri və digər infrastruktur obyektləri yaradılır, tarixi-mədəni abidələr bərpa edilir. Azərbaycan keçmişin dağıntıları üzərində gələcəyin inkişaf modelini qurur".

"Diplomatik korpusun bu səfəri bir daha göstərir ki, onların təmsil etdiyi dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyirlər. Ermənistan tərəfinin bu səfərlərə etiraz etməsi isə əslində özünün Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən mövqeyi ilə ziddiyyət təşkil edir", - deyə P.Kərimzadə bildirib.

‎Onun sözlərinə görə, daha maraqlı məqam erməni mediasında və sosial şəbəkələrdə diplomatların ziyarət etdiyi tarixi məbədlərlə bağlı yenidən tarixin saxtalaşdırılmasına cəhd göstərilməsidir: "Necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin mövcudluğunu inkar edir? Burada açıq-aşkar ikili standart yanaşma müşahidə olunur. Belə bir narrativ formalaşdırılmağa çalışılır ki, guya Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb və mədəni irs yaradıb, lakin indiki Ermənistan ərazisində azərbaycanlılar yaşamayıb. Bu yanaşma tarixi faktların siyasi məqsədlərlə seçilməsi və təhrif edilməsidir. Daha təhlükəlisi isə bir xalqın öz tarixi və mədəni irsi ilə bağlı hüququnun inkar edilməsidir. Bu, dözümsüzlükdən başqa bir şey deyil və irqçi yanaşma kimi qiymətləndirilə bilər.

‎"Qafqaz Albaniyasının irsi ilə bağlı Ermənistan cəmiyyətində nümayiş etdirilən mövqe də bu kontekstdə xüsusi diqqət çəkir. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Azərbaycanın ərazisində formalaşmış bu qədim dövlətin zəngin mədəni irsinin mövcudluğunu inkar etmək, yaxud həmin irsi başqa xalqa mənsub göstərməyə çalışmaq tarixi həqiqətə münasibətdə dözümsüz yanaşmadır. Azərbaycan dövlətinin mövqeyi isə bundan tamamilə fərqlidir. Azərbaycan Respublikasının ərazisində yerləşən bütün tarixi və mədəni abidələr dövlət tərəfindən qorunur və onların mənsubiyyətindən asılı olmayaraq mühafizəsi və bərpası istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan üçün tarixi irs siyasi manipulyasiya vasitəsi deyil, qorunmalı milli və ümumbəşəri sərvətdir. Ermənistanda revanşist qüvvələrin mövcudluğu da yeni məsələ deyil. Lakin bu qüvvələri yalnız müxalifət daxilində axtarmaq düzgün olmazdı. Son günlər yayılan materiallar və sosial şəbəkələrdə aparılan kampaniyalar göstərir ki, bu prosesin arxasında Ermənistan hakimiyyətinə yaxın dairələrin də dayandığı barədə əsaslı suallar yaranır. Bir sıra yazı və paylaşımların hakim partiyaya yaxın resurslarda yayılması bunun təsadüfi kampaniya olmadığını düşünməyə əsas verir.

‎Bu baxımdan Ermənistan parlamentinin sədri Ruben Rubinyanın məsələ ilə bağlı açıqlaması da qəbuledilməzdir. Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfər etməsi Ermənistan parlamentinin və ya onun rəhbərliyinin müdaxilə edə biləcəyi məsələ deyil. Belə açıqlamalar Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir", - deyə deputat vurğulayıb.

‎O deyib ki, davamlı sülh yalnız siyasi bəyanatlarla deyil, cəmiyyətdə də yeni reallıqların qəbul edilməsi ilə mümkündür: "Ermənistanın bu gün inkar etməyə çalışdığı reallıqlardan biri də Azərbaycan xalqının indiki Ermənistan ərazisində əsrlər boyu yaşaması və zəngin tarixi-mədəni irs yaratmasıdır.

Qərbi Azərbaycanda xalqımıza məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscidlərin, yaşayış məskənlərinin və digər mədəni irs nümunələrinin dağıdılması Azərbaycan xalqının həmin torpaqlardakı tarixi izlərinin silinməsi siyasətinin tərkib hissəsi olub".

‎ Pərvin Kərimzadə regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, ayrı-ayrı xalqların izlərini silmək və tarixi yenidən yazmaq cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb: "Bu məsələyə beynəlxalq ictimaiyyətin də obyektiv və prinsipial münasibət göstərməsi vacibdir. Bu gün Ermənistan üçün əsas məsələ keçmişi saxtalaşdırmaq deyil, regionun gələcəyini düşünmək olmalıdır.

Azərbaycan öz suveren ərazisində quruculuq işlərini davam etdirəcək. Ermənistan isə gec-tez başa düşməlidir ki, tarixi saxtalaşdırmaqla yeni reallıqları dəyişmək mümkün deyil. Regionda davamlı sülhün və əməkdaşlığın yolu revanşizmdən deyil, tarixi həqiqətlərin qəbulundan, qarşılıqlı suverenliyə hörmətdən və gələcəyə baxmaqdan keçir".

Son xəbərlər