Rusiyada bu gecə 555 Ukrayna PUA-sı vurulub, Moskvaya hücumda 180 dron zərərsizləşdirilib
Rusiya Müdafiə Nazirliyi ötən gecə ölkə ərazisi üzərində Ukraynaya məxsus 555 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, nazirliyin məlumatına görə, PUA-lar Həştərxan, Bryansk, Belqorod, Volqoqrad, Vladimir, Voronej, Kaluqa, Kursk, Oryol, Lipetsk, Smolensk, Tver, Tambov, Tula, Ryazan, Rostov vilayətləri, Krım, Moskva bölgəsi və Azov dənizi üzərində vurulub.
Bu arada Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində vurulan pilotsuz uçuş aparatlarının sayının 180-ə çatdığını bildirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri fəaliyyətini davam etdirir.
Məlumata əsasən, dronlardan biri "Sadovod" ticarət mərkəzinə düşsə də, hadisə nəticəsində xəsarət alan olmayıb. Bir neçə PUA isə Moskva Neft Emalı Zavoduna çatıb. Hazırda müəssisədə hücumun nəticələrinin aradan qaldırılması işləri görülür.
PUA hücumları fonunda Domodedovo və Vnukovo hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyət tətbiq edilib. Paytaxtın cənub-şərqində yerləşən Kapotnya rayonunda isə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, dronların qalıqları çoxmənzilli və fərdi yaşayış evlərinə, fitnes mərkəzinə, sənaye zonasındakı obyektə və ticarət mərkəzinin binasına düşüb. Hadisə nəticəsində bir qadın xəsarət alsa da, o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Oxşar xəbərlər
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırdı
Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskvada yerləşən əsas hava limanları Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski uçuşların qəbulu və yola salınmas...