Rusiya Ermənistandan gedir - İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH

Rusiya Ermənistandan gedir - İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH
Foto
Dünya 88

MDB-nin Moskvadakı sonuncu Zirvə toplantısı Rusiya-Ermənistan münasibətlərinə bir daha aydınlıq gətirdi. Məlum oldu ki, iki ölkə arasında əlaqələr əvvəlkindən də yüksək səviyyədə və daha əhatəlidir.

Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edib.

Kremlin indiki rəhbəri deyib ki, 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi rekord həddə çata bilər. Onun sözlərinə görə, 2023-cü ildən Rusiya-Ermənistan ticarət dövriyyəsi 7,4 milyard dollar təşkil edib: "Bu ilin ilk yarımilində isə 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb".

Putin vurğulayıb ki, əməkdaşlıq bu templə irəliləsə, ilin sonuna göstərici 14-16 milyard dollar təşkil edəcək. Onun sözlərinə görə, Rusiya Ermənistan iqtisadiyyatının aparıcı investorudur: "İqtisadiyyata toplanmış investisiyaların ümumi həcmi 4 milyard dollardır".

Ermənistan Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin ilk yeddi ayında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 20,4 milyard dollara çatıb. Ticarət dövriyyəsində əsas pay üç tərəfdaşa düşür: Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Çin. Bu dövlətlərin payı ölkənin ümumi xarici ticarət dövriyyəsinin təxminən 72 faizini təşkil edir ki, bu da onların Ermənistanın xarici iqtisadi əlaqələrində dominant rolunu göstərir.

Ötən illərdə Ermənistanın ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı, 2024-cü ilin yanvar-iyul aylarının göstəricilərinə əsasən, bu siyahıda dördüncü yeri tutub. İttifaqla ticarət dövriyyəsi 21,4 faiz azalaraq 1,27 milyard dollar təşkil edib. Bu isə xarici ticarətin yalnız 6,3 faizini təşkil edib, ötən il bu göstərici 15,4 faiz olub.

Hesabat dövründə Ermənistan mallarının Aİ-yə ixracı 26,3 faiz azalaraq 332 milyon dollar təşkil edib. Avropa İttifaqı ölkələrindən idxalın həcmi 19,4 faiz azalıb. Belə ki, 2024-cü ilin ilk yeddi ayında Ermənistan quruma üzv ölkələrdən 940 milyon dollar dəyərində mal idxal edib.

Bu göstəricilər rəsmi İrəvanın Moskvaya münasibətinə yenidən baxmasına səbəb ola bilər.

Məlumatlara əsasən, ehtimal etmək olar ki, Rusiya Ermənistandan imtina edə bilər. İndiki şərtlər daxilində, bu halda daha çox uduzan ermənilərin respublikası və cəmiyyəti olacaq. Bu baxımdan, Vladimir Putin bu rəqəmləri Nikol Paşinyanın diqqətinə çatdırmaqla rəsmi İrəvana yerini göstərib.

Tərəflər arasında mübahisəli məsələlərdən biri də Ermənistanın dövlət sərhədinin qorunmasıdır. Görüşdə bu istiqamətdə razılıq əldə edilib. 2025-ci il yanvarın 1-dən Ermənistan-İran, Ermənistan-Türkiyə dövlət sərhədinin mühafizəsini Rusiya və Ermənistan sərhədçiləri birgə, ancaq Ermənistan-İran nəzarət -buraxılış məntəqəsində xidməti tamamilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirəcək.

Nikol Paşinyan və komandasının başqa üzvləri bildirmişdi ki, Zəngəzur yolu açılarsa, onun təhlükəsizliyini xarici ölkələrin özəl mühafizə xidmətinə həvalə edə bilər.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzalandığı üçtərəfli bəyanatda belə yazılıb: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir".

Cənub sərhədlərinə Rusiyanın nəzarəti azalacağı halda bəyanatın bəhs etdiyimiz maddəsinin icrasına problem olmayacaq. Belə ehtimal etmək olar ki, vəziyyət o yerə çatdıqda rəsmi İrəvan xariciləri, Rusiya istisna olmaqla, ölkəyə dəvət edə bilər. Başqa sözlə, Ermənistan hakimiyyətinin İranla nəzarət-buraxılış məntəqəsində xidməti də əcnəbilərlə reallaşdırması mümkündür.

Çünki onun belə bir təcrübəsi var. Rəsmi İrəvanın dəvəti ilə Azərbaycanla şərti sərhədə Avropa İttifaqı Mülki müşahidə missiyasının yerləşdirilməsi buna örnəkdir. Azərbaycanla sərhədlər müəyyənləşmədən, tərəflər arasında sülh sazişi imzalanmadan Fransanın patronluğu ilə monitorinqçilərin sərhədə dislokasiya olunması rəsmi İrəvan və Qərb tərəfindən regionun gələcəyinə xoş olmayan hadisələr vəd edə bilər. Çünki əvvəlcə bu missiyanın qısamüddətli və sayının az olacağı bildirilirdi. Hazırda onların sayı 200-dən çoxdur. Bu missiya iki ildən artıqdır bölgədə yerləşib. Həmin missiya sərhədə gətirildikdən sonra Ermənistan KTMT-dən çıxmaq məsələsini gündəliyə çıxarıb, qurumda fəaliyyətini dondurub.

Ona görə də Ermənistanın perspektivdə İranla sərhəddəki nəzarət-buraxılış məntəqəsində, məsələn, Fransa, yaxud başqa bir ölkənin sərhədçiləri ilə əməkdaşlıq edə biləcəyi də istisna edilmir. Yaxud həmin məntəqədə Qərbin avadanlığının, o cümlədən kəşfiyyat məqsədli texniki qurğularının yerləşdirilməyəcəyinə də təminat yoxdur. Ermənistan Azərbaycanla şərti sərhəddə müşahidə missiyasının bütün bu əməllərinə imkan yaradıb və icazə verib.

Rusiya Ermənistanın İran və Türkiyə sərhədlərinə təkbaşına nəzarətdən imtina etməklə bu hərbçilərin də ölkəni tərk edə biləcəyinin anonsunu verir. Belə olacağı təqdirdə rəsmi İrəvanın ölkəyə başqa dövlətlərin qoşununu dəvəti ehtimalı istisna edilmir. Ermənistan NATO-ya üzv olmağı da hədəfləyir. Bu ölkənin Müdafiə Nazirliyində ABŞ hərbçilərinin işləməsi, Birləşmiş Ştatların və Fransanın ona hərbi yardımı gələcəkdə RF qoşunlarını onların ordusunun əvəzləyəcəyi gözləniləndir. Hər halda İrəvan bu məsələni Vaşinqtonla Paris arasında hərraca da çıxara bilər. Ancaq belə güman etmək olar ki, bunlar hələ sonra baş verəcək.

Hələ ki, Rusiya Ermənistandan sərhədçilərini çıxarır. RF bu il hərbçilərini "Zvartnos" hava limanından çıxarıb, gələn il İran və Türkiyə ilə sərhəddə hərbçilərinin sayını azaldacaq və s.

Beləliklə, Nikol Paşinyanın Moskva səfəri region dövlətləri, xüsusən İran üçün yaxşı heç nə vəd etmir. Çünki nəzarət-buraxılış məntəqəsində RF sərhədçiləri ilə bağlı Tehranda müəyyən arxayınlıq var idisə, gələcəkdə oradakı xidmət Tehran üçün etibarlı olmaya bilər. Odur ki, "Rusiya gedir, kim gəlir" sualına cavab açıqdır.

Report İnformasiya Agentliyi

Oxşar xəbərlər

Kanadada ilk dəfə insanın quş qripinə yoluxması qeydə alınıb

Kanadada ilk dəfə insanın quş qripinə yoluxması qeydə alınıb

Kanadanın Britaniya Kolumbiyası əyalətində insanda H5 quş qripinə ilk yoluxma halı qeydə alınıb. "Report"un məlumatına görə, bu barədə "Frans Press" (AFP) agent...

9 Dünya 23:36 11 noyabr 2024

Son xəbərlər