Qlobal istiləşmə artır: 2024 ən isti il oldu

Qlobal istiləşmə artır: 2024 ən isti il oldu
Dünya 85

Son 10 il ərzində dünyada qeydə alınan istilik dərəcələri alət əsaslı ölçülərə görə ən isti illər kimi tarixə düşüb.

BAKU.WS Avropa Orta Müddətli Hava Proqnozu Mərkəzinin məlumatına əsasən xəbər verir ki, ölçülmüş ən isti il 2024, ikinci ən isti il isə 2023 olub.

Qlobal istiləşmənin təsiri ilə dünyada orta temperatur artır. Bu artım quraqlığın da intensivləşməsinə səbəb olur.

Copernicus İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, 2024-cü il orta göstəricilərdən 1,5 dərəcə yüksək temperaturla dünyanın ən isti ili kimi qeydə alınıb. Bununla yanaşı, son 10 ilin dünyanın ən isti illəri olduğu təsdiqlənib.

ERA5 qlobal qiymətləndirmələrinə əsasən, dünyanın ən isti illəri belə sıralanır:

2024

2023

2016

2020

2019

2017

2015

2022

2021

2018

İstanbul Texniki Universiteti (İTÜ) İqlim Elmi və Meteorologiya Mühəndisliyi Bölümü professoru Hüseyn Toros dünya üzrə istilik ölçmələrini dəyərləndirərək bildirib:

"Ölçmə tarixinin ən isti 10 ili son illərə təsadüf edir. Xüsusilə 2024-cü il qeyri-adi quru və dəniz səth temperaturu ilə diqqət çəkir. Avropa Orta Müddətli Hava Proqnozu Mərkəzinin məlumatları temperatur artımlarının artıq istisna deyil, qlobal bir norma halına gəldiyini göstərir. Bu, qlobal istiləşmənin təsirlərinin nə qədər ciddi miqyaslara çatdığını sübut edir."

Prof. Dr. Toros istilik artımının quraqlığı gücləndirdiyini vurğulayaraq qeyd edib:

"Artan istiliklər su resursları üzərində ciddi təzyiq yaradır. Xüsusilə kənd təsərrüfatı istehsalı və su idarəçiliyi kimi sahələrdə quraqlığın təsirlərini daha çox hiss edirik. Bu, qida təhlükəsizliyi və ekosistem balansı üçün ciddi bir təhlükə yaradır."

Professor, həm fərdlərin, həm də hökumətlərin məsuliyyət götürərək davamlı gələcək üçün birlikdə hərəkət etməli olduğunu vurğulayıb.

Son xəbərlər