Ölkədə ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər

Ölkədə ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər
Dünya 48

Azərbaycanda ayaqqabı istehsalı iki faizdən çox artıb. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 936 min cüt ayaqqabı istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3% çoxdur. Ötən ilin dekabr ayının 1-nə ölkədə 147 min cüt hazır məhsul ehtiyatı olub. Maraqlıdır, Azərbaycanda ayaqqabı istehsalının inkişafı üçün hansı maneələr mövcuddur və istehsal həcmini daha da artırmaq perspektivi varmı?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Əsas problemlərdən biri xammal asılılığıdır"

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının idarə heyətinin üzvü Elxan Mərdanlı deyir ki, mövcud statistik artımı pərakəndə bazarın real tələbi ilə əlaqələndirmək düzgün olmaz: "Hesab edirəm ki, qeyd olunan istehsal artımı əsasən tikinti sektorunda çalışan işçilər üçün istehsal olunan qoruyucu ayaqqabılar, eləcə də müxtəlif qurumlar üçün sifariş edilən uniforma tipli ayaqqabılar hesabına formalaşıb. Hazırda bazarda Azərbaycan istehsalı olan, geniş pərakəndə satış şəbəkəsində təmsil olunan güclü ayaqqabı brendi mövcud deyil. Burada fərdi ustalar və sifariş əsasında çalışan kiçik istehsalçılar nəzərdə tutulmur. Onlar hər zaman bazarda olub və bu statistikanın əsas drayveri deyillər. Yəni söhbət kütləvi istehlak bazarı üçün formalaşmış yerli brendlərdən getmir".

Sahənin çətinliklərinə gəldikdə isə, E.Mərdanlı bildirir ki, ayaqqabı istehsalının əsas problemlərindən biri xammal asılılığıdır. Dəri, altlıq, aksesuarlar və digər əsas komponentlərin böyük hissəsi ölkə xaricindən idxal olunur və bu zaman gömrük rüsumları, logistika xərcləri istehsalın maya dəyərini ciddi şəkildə artırır: "Digər mühüm problem isə rəqabət qabiliyyətidir. Ayaqqabı istehsalında ixtisaslaşmış ölkələrdə istehsal həcmi çox böyükdür və bu da məhsulun vahid qiymətini aşağı salır. Yerli istehsalçı bu qiymətlərlə rəqabət apara bilmədiyi üçün bazar avtomatik olaraq idxala yönəlir. Perspektiv yalnız o halda mümkündür ki, istehsalçıya maliyyə baxımından nəfəs almaq imkanı verilsin və daxili bazarla məhdudlaşmadan, ixraca yönəlmiş model qurulsun".

"Sahibkara qazanc əldə etmək imkanı yaradılmalıdır"

Assosiasiya üzvü bildirir ki, yerli ayaqqabı istehsalı müəyyən qədər güclənsə də, idxalı üstələməsi real görünmür: "Qlobal miqyasda onilliklərdir mövcud olan və böyük istehsal gücünə malik brendlərlə açıq rəqabət aparmaq mümkün deyil. Bu sahənin inkişafı üçün istehsal mütləq şəkildə vergi və fiskal güzəştlərlə qorunmalıdır. Sahibkara qazanc əldə etmək imkanı yaradılmalıdır ki, o, yalnız daxili bazarla kifayətlənməsin, yeni bazarlar axtarsın və ixraca fokuslansın. Mövcud beynəlxalq brendlərin surətinin istehsalı isə həm etik, həm də qanunvericilik baxımından mümkün deyil. Buna görə də inkişaf yolu yalnız orijinal, niş və ixrac yönümlü istehsaldan keçir. İki faizlik artımı ciddi istehsal artımı kimi qiymətləndirmək düzgün olmaz. Azərbaycanda ayaqqabı istehsalı faktiki olaraq çox zəif səviyyədədir və idxal bazarı hələ də tam dominant mövqedədir".

Həmsöhbətimiz vurğuladı ki, bu sahədə effektiv nəticə üçün ayaqqabı istehsalında istifadə olunan xammal gömrük rüsumundan tam azad edilməlidir: "Yerli istehsal olan ayaqqabıların satışı ƏDV-dən azad edilməli və ya minimum ödənilən verginin 50%-i geri qaytarılmalıdır. İxrac yönümlü istehsalçılar üçün ayrıca təşviq paketləri tətbiq edilməlidir. Yerli istehsalçıların beynəlxalq sərgi və bazarlara çıxışı dövlət tərəfindən dəstəklənməlidir. Yalnız bu halda yerli istehsal real iqtisadi subyektə çevrilə və idxaldan asılılığı mərhələli şəkildə azalda bilər".

"Ayaqqabı sənayesi mərhələli inkişaf yolundadır"

Ağdam Sənaye Parkında yerləşən "BAFCO İnvest" MMC-nin ayaqqabı istehsalı fabrikindən "Kaspi" qəzetinə bildirildi ki, bu artımı müsbət və vacib bir siqnal kimi qiymətləndirirlər: "Rəqəm böyük görünməsə də, real sektor üçün bu, istehsalın sabitləşməsi və bazarın tədricən formalaşdığını göstərir. Xüsusilə son illərdə xammal, logistika və maliyyə xərclərinin artdığı bir dövrdə yerli istehsalda müsbət dinamikanın qorunması əhəmiyyətlidir. Bu göstəriciləri daha çox ümumi sənaye tendensiyası kimi dəyərləndiririk. Statistik artım bütün istehsalçılar üçün eyni templə hiss olunmur. Bizim üçün əsas olan göstərici yalnız ümumi statistika deyil, konkret sifarişlərin və uzunmüddətli əməkdaşlıqların artmasıdır. Bu artım onu göstərir ki, Azərbaycan ayaqqabı sənayesi mərhələli şəkildə inkişaf yolundadır".

"Yerli brendlərə maraq artıb"

Qurumun məlumatına görə, son illərdə yerli ayaqqabı brendlərinə maraq artıb: "Xüsusilə sənaye və təhlükəsizlik ayaqqabısı seqmentində alıcılar artıq yalnız qiymətə deyil, keyfiyyətə, mənşəyə və davamlı təchizata diqqət yetirirlər. Alıcılıq qabiliyyəti bazar seqmentindən asılı olaraq dəyişir, lakin korporativ müştərilər və dövlət sifarişləri çərçivəsində yerli istehsala maraq sabitdir və artmaqdadır. Həmçinin onu da qeyd etmək istərdik ki, istehsal etdiyimiz ayaqqabılara ölkə xaricində də böyük maraq var".

"Bu amillər istehsalın çevik olmasını müəyyən dərəcədə məhdudlaşdırır"

Sahənin inkişafına mane olan problemlərə gəldikdə isə, bildirildi ki, əsas çətinliklər sırasında xammalın bir hissəsinin idxaldan asılı olması, bəzi texniki komponentlərin və ehtiyat hissələrinin xaricdən gətirilməsidir: "Bu amillər istehsalın daha sürətli və çevik olmasını müəyyən dərəcədə məhdudlaşdırır. İstehsal prosesində istənilən sənaye müəssisəsində olduğu kimi, müəyyən məsələlər yarana bilər. Lakin bizim üçün əsas prinsip bu məsələlərin vaxtında və sistemli şəkildə həll edilməsidir. Proseslərimiz elə qurulub ki, xammalın tədarükü, avadanlığın istismarı və insan resursları ilə bağlı yaranan situasiyalara çevik reaksiya verək. Bu baxımdan Ağdam Sənaye Parkının rezidenti olmaq bizim üçün mühüm üstünlüklər yaradır. Park çərçivəsində təqdim olunan güzəştlər, inkişaf etmiş infrastruktur, eləcə də logistika və kommunal təminatın stabil olması istehsal prosesinin fasiləsiz və səmərəli təşkili üçün əlverişli şərait yaradır. Nəticə etibarilə, qarşılaşdığımız çətinliklər istehsalın dayanıqlılığına təsir göstərmir və biz onları inkişaf üçün əlavə təcrübə kimi dəyərləndiririk".

Son xəbərlər