Kim Çen In strateji qanadlı raket sınağını izləyib

Kim Çen In strateji qanadlı raket sınağını izləyib
Dünya 64

Şimali Koreya lideri Kim Çen In ölkə donanmasına məxsus "Choe Hyon" esminesindən buraxılan strateji qanadlı raketlərin sınağını izləyib.

BAKU.WS xəbər verir ki, bu barədə Şimali Koreya tərəfi məlumat yayıb.

Bildirilib ki, sınaq ölkənin strateji silah idarəetmə sisteminin etibarlılığını və hərbi gəminin aşkar etmə və silah sistemlərinin effektivliyini yoxlamaq məqsədilə keçirilib. Məlumata görə, eyni vaxtda buraxılan qanadlı raketlər Qərb dənizi üzərində müəyyən edilmiş uçuş marşrutu ilə hərəkət edərək təyin olunan hədəfləri dəqiqliklə vurub.

Raketlərin 10 min saniyədən artıq uçuşdan sonra müxtəlif ada hədəflərinə çatdığı bildirilib.

Kim Çen In sınaqları izlədikdən sonra strateji silahların inteqrasiya olunmuş idarəetmə sisteminin etibarlılığının təsdiqləndiyini bildirib. O, həmçinin hərbi gəminin döyüş sisteminin yüksək nəticə göstərdiyini vurğulayaraq donanmanın strateji hücum imkanlarının gücləndirilməsinin vacibliyini qeyd edib.

Şimali Koreya lideri gələcəkdə istehsal olunacaq hərbi gəmilərdə silah sistemlərinin yenidən qiymətləndirilməsinin vacibliyini də bildirib. Onun sözlərinə görə, 5 min və 8 min tonluq esmineslərdə səsdən sürətli silah sistemlərinin artırılması, daha kiçik hərbi gəmilərdə isə fərqli silah komplekslərinin tətbiqi nəzərdən keçirilməlidir.

Kim Çen In ölkənin nüvə çəkindiriciliyinin gücləndirilməsinin strateji vəzifə olduğunu vurğulayıb və Şimali Koreyanın nüvə qüvvələrinin artıq çoxşaxəli əməliyyat mərhələsinə keçdiyini bildirib. O əlavə edib ki, ölkənin strateji və taktiki hücum imkanları praktik olaraq yerləşdirilmə mərhələsinə çatıb.

Eyni zamanda, donanmanın döyüş qabiliyyətinin artırılması ilə bağlı bir sıra göstərişlər verildiyi qeyd olunub. Planlara əsasən, "Choe Hyon" esminesinin sınaqları başa çatdırılaraq müəyyən edilmiş müddətdə donanmaya təhvil verilməli, yeni hərbi gəminin isə Koreya Əmək Partiyasının yaradılmasının ildönümünədək hazır olması nəzərdə tutulur.

Son xəbərlər