İspaniyada baş verən genişmiqyaslı elektrik kəsintisinin səbəbi araşdırılır

İspaniyada baş verən genişmiqyaslı elektrik kəsintisinin səbəbi araşdırılır
Dünya 55

İspaniyanın Ekoloji Keçid naziri Sara Aagesen ötən həftə ölkədə baş verən və milyonlarla insanın həyatına təsir edən elektrik kəsintisinin səbəbinin müəyyən olunmasının bir neçə gün çəkəcəyini bildirib.

BAKU.WS xəbər verir ki, nazir bu barədə "El Pais" qəzetinə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, elektrik kəsintisinə görə bərpa olunan enerjini günahlandırmaq məsuliyyətsizlik və məsələyə sadəlövh yanaşmaqdır.

Aagesen həmçinin bildirib ki, kəsintinin səbəbləri sırasında kiberhücum ehtimalı da daxil olmaqla heç bir versiya istisna edilmir.

Nazir bəzi dairələrin bu hadisəni nüvə stansiyalarının mərhələli şəkildə bağlanması proqramı ilə əlaqələndirməsini "absurd" adlandırıb.

"Hadisənin səbəbini tam dəqiqliklə müəyyən etmək və ictimaiyyətə şəffaf şəkildə təqdim etmək üçün son dərəcə diqqətli və məsuliyyətli şəkildə araşdırma aparırıq," – deyə Aagesen vurğulayıb.

Onun sözlərinə görə, hadisənin təkrarlanmaması üçün zəruri profilaktik tədbirlər hazırlanır.

Qeyd edək ki, 28 aprel tarixində İspaniya və Portuqaliyada günorta saatlarında başlayan və bir neçə saat davam edən elektrik kəsintisi nəticəsində milyonlarla insan təsirlənmiş, ölkə üzrə həyat iflic olmuşdu. Elektrik şəbəkəsində baş verən salınımların ardınca Avropa ilə əlaqənin kəsildiyi və sistemin tam olaraq çökdüyü bildirilir.

Hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün yaradılan xüsusi komissiyanın araşdırmaları davam edir.

Son xəbərlər