İşə düşən ənənəvi ssenari: Gürcüstanda Qərbin növbəti "rəngli inqilab" hədəfi

İşə düşən ənənəvi ssenari: Gürcüstanda Qərbin növbəti rəngli inqilab hədəfi
Dünya 52

Qonşu Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkisi hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının qələbəsi ilə başa çatıb.

Nəticə həqiqətən hakimiyyət, müxalifət, Qərb üçün sürpriz olub. Tərəqqi, sabitlik, əmin-amanlıq yolu ilə irəliləməyi üstün tutan gürcü xalqı hakim partiyanı dəstəkləməyə qərar verdi.

Lakin nəticələr müxalifət partiyalar, xüsusilə qərbpərəst qüvvələr tərəfindən etirazla qarşılanıb. Postsovet məkanı, eləcə də "Ərəb baharı" yaşayan ölkələr üçün bu, tanış ssenaridir. Yenə inqilab, qarşıdurma çağırışları işə düşüb. Amma məsələ ondadır ki, Gürcüstan əhalisi artıq "Maydan" hərəkatlarına, inqilablara etinasız yanaşır. Xalq inqilabi çağırışlar və kütləvi etiraz aksiyalarından, daha çox sosial vəziyyətlərinin günbəgün ağırlaşmasından narahatdır.

Birmənalı şəkildə deyə bilərik ki, seçkidə əldə olunan nəticə ilə gürcü xalqı Gürcüstana qarşı olan böyük ədalətsizliyə tutarlı cavab vermiş oldu. Kənar qüvvələrin ölkənin daxili işlərinə qarışmasına, şantajına, hədə-qorxusuna, medialara, agent şəbəkələrinə yatırılan pullara və s. baxmayaraq, gürcü xalqı öz layiqli mövqeyini göstərdi. Nüfuzlu ekspertlər də bəyan edir ki, bu qələbə ilə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qarşı gəlindi.

Hadisələrin gedişi onu deməyə əsas verir ki, Gürcüstan məcburən inqilaba, qarşıdurmaya sürüklənir. Müxalifət ictimai rəyi nəzərə almayaraq nəticələri tanımır. Şübhəsiz ki, bunu da özbaşına yox, Qərbdən aldığı plan və tapşırıqlara uyğun edir. Əks halda belə iddiada olmazdı. Gözlənildiyi kimi də antihakimiyyət qüvvələrin başında isə prezident Salome Zurabişvili dayanır.

Gürcüstan Konstitusiyasına görə, parlamentin ilk iclası seçki başa çatdıqdan sonra on gün ərzində keçirilməli, bu iclası ölkə prezidenti elan etməlidir. Lakin prezident müxalifət liderləri ilə birgə keçirdiyi brifinqdə açıqlama verərək seçkinin nəticələrini tanımadığını bildirdi. Bunun qarşılığında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan etdi ki, əgər prezident konstitusiyanı pozarsa, onda on gündən sonra ilk iclası parlament özü təşkil edəcək. Bu, ölkədə ictimai-siyasi sabitliyin pozulmasına rəvac verə biləcək bir məqamdır. Kobaxidze qeyd edib ki, hadisələrin hansı axarla davam edəcəyini zaman göstərəcək.

Qərbin emissarı kimi ad çıxarmış, ikili vətəndaşlığı olan Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatları isə heç bir əndazəyə sığmır. O, hökuməti növbəti "rəngli inqilab"la hədələyib. "Biz Rusiya xüsusi əməliyyatının qurbanı olduq", - deyə o, oktyabrın 27-də keçirdiyi mətbuat konfransında deyib.

Maraqlıdır ki, prezident dediklərini əsaslandıracaq heç bir dəlil gətirməyib. "Bu seçkinin nəticələrini tanımıram", - deyə prezident etirazlara çağırıb. Ardınca da ATƏT və AŞPA müşahidə missiyaları da Gürcüstandakı parlament seçkisi ilə bağlı ilkin dəyərləndirmələrini açıqlayıblar. Missiyanın yaydığı bəyanatda deyilir ki, parlament seçkisində dərin qütbləşmə, bu yaxınlarda qəbul edilmiş qanunlarla bağlı narahatlıq və onların fundamental azadlıqlar və vətəndaş cəmiyyətinə təsiri səsvermə prosesinə kölgə salıb. Seçki kampaniyasından bölücü ritorikanın yer aldığı, seçicilərə təzyiqlərlə bağlı irimiqyaslı xəbərlərin olduğunu vurğulanıb.

ATƏT müşahidə missiyasının rəhbəri Paskal Alizar da vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr sırasındadır. Daha çox ziddiyyətlə dolu fikirləri ilə yadda qalıb. Məsələn, bildirib ki, seçki yaxşı təşkil olunsa da, onlar bir sıra çatışmazlıqlar müşahidə ediblər. AŞPA-nın müşahidə missiyasının rəhbəri Culian Bulay isə əməlli "gül vurub". Gürcüstanda müxalifətə və vətəndaş cəmiyyətinə qarşı nifrət nitqinin alovlanmasından narahat olduğunu bildirib.

ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) və Milli Demokratiya İnstitutunun (NDI) birgə müşahidə missiyası da ilkin dəyərləndirməsində seçki prosesini tənqid edib. IRI prezidenti Den Tvininq hökumətin seçki ərəfəsində misilsiz siyasi, hüquqi və administrativ dəyişikliklər edərək, siyasi rəqabəti məhdudlaşdırdığını bildirib.

Hakimiyyət də bu mesajlara ciddi hazırlaşır. Yeni inqilab planının arxasında prezidentin durduğu vurğulanıb. İkili vətəndaşlığı olan bu xanımın ölkədə çevrilişə hazırlaşdığını parlamentin spikeri Şalva Papuaşvili də səsləndirib. Daha əvvəl əsas müxalifət partiyaları prezidentin təklif etdiyi xartiyanı imzalayıb. Sənədə əsasən, onlar birlikdə hakim Gürcü Arzusu Partiyasından daha çox səs toplayacaqları təqdirdə texniki hökumət yaradacaqlar.

Baş nazir İrakli Kobaxidze də bildirib ki, hakimiyyət bu seçimi qoruyacaq, konstitusiya quruluşunun pozulmasına yol verməyəcək. Əvvəllər baş verən hər şey təkrarlanır. "Müxalifət seçkidə məğlubiyyəti qəbul etmir və ölkədə konstitusiya quruluşuna qarşı çıxır. Vurğulamaq istəyirəm ki, dövlət öz yerindədir və heç kim konstitusiya quruluşunu sarsıda bilməyəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-da keçirilib. MSK-nın son məlumatına görə, seçkidə seçicilərin 54.08%-nin dəstəyini qazanan hakim Gürcü Arzusu Partiyası qalib gəlib.

Beləliklə, yeni bir inqilab cəhdinə hazırlıq görülür. Bunu Avropa İttifaqının və ABŞ-nin Gürcüstandakı seçkiyə diqqətini artırması da təsdiqləyir. Xüsusilə ABŞ-nin Gürcüstanın siyasi həyatına müdaxilə cəhdləri barədə məlumatlar yayılır, Dövlət Departamentinin Gürcüstan seçkisinə təsir etmək üçün yeni metodlar axtardığı bildirilir.

Digər məsələ ondadır ki, seçkinin nəticəsi vacib geosiyasi mövqeyə malik Gürcüstanın daxili işi olsa da, müəyyən xarici dairələr bunu özünün regiondakı dayaqlarının qorunub saxlanması baxımından həlledici hesab edirlər. Gürcüstanın təhlükəsizlik orqanları artıq uzun müddətdir Qərbdən maliyyələşən qruplardan bəzilərinin Tbilisidə iğtişaşlar planlaşdırdığını, hakimiyyəti zorakılıqla ələ keçirmək niyyətində olduğunu bəyan edir.

Qərbin Gürcüstanda hakimiyyətə daha itaətkar, xarici dairələrin maraqlarına xidmət edən qrupları iqtidara gətirməyə çalışdığını, bu məqsədlə qeyri-hökumət təşkilatlarına qanunsuz yollarla milyonlar ayırdığını bəyan edən hazırkı hökumət parlamentin bu ilin mayında qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanunun məhz ölkəyə qeyri-şəffaf maliyyə axınının, radikal qrupların maliyyələşdirilməsinin qarşısının alınması, ölkədə sülh və sabitliyin qorunub saxlanılması məqsədi daşıdığını bildirir. QHT-lərin fəaliyyətinə hər hansı məhdudiyyət tətbiq etməyən bu qanunun əsas tələbi qeyri-kommersiya təşkilatlarının ölkə xaricindən qəbul etdiyi vəsaitlərlə bağlı şəffaflığı təmin etməsi, hesabat verməsi və öz gəlirlərini bəyan etməsidir.

Birmənalı demək mümkündür ki, Gürcüstanda hakimiyyət dəyişikliyi planı iflas olub. Seçkinin nəticələri də bunu təsdiq etdi. Lakin Qərb geri çəkiləcəkmi? Çox güman ki, yaxın vaxtlarda bunu aydın görə biləcəyik.

"Report" İnformasiya Agentliyi

Son xəbərlər