İranda neft anbarlarına hücumdan sonra zəhərli yağış xəbərdarlığı

İranda neft anbarlarına hücumdan sonra zəhərli yağış xəbərdarlığı
Dünya 86

İranda neft anbarlarına edilən hücumlardan sonra turşulu yağış ehtimalı barədə xəbərdarlıq edilib.

BAKU.WS xəbər verir ki, İran Qırmızı Aypara Cəmiyyəti əhaliyə müraciət edərək bildirib ki, neft anbarlarında baş verən partlayışlar atmosferdə təhlükəli kimyəvi maddələrin artmasına səbəb ola bilər.

Qeyd edilib ki, neft anbarlarının partlaması nəticəsində atmosferə və buludlara böyük miqdarda zəhərli karbohidrogen birləşmələri, həmçinin kükürd və azot oksidləri qarışa bilər.

Bu maddələr yağışla birlikdə yerə düşərsə, turşulu yağışların yaranması ehtimalı artır və bu, insanlar üçün ciddi təhlükə yarada bilər.

Qurum əhaliyə belə hallarda ehtiyatlı olmağı tövsiyə edib. Bildirilib ki, turşulu yağışlar baş verərsə, vətəndaşlar mümkün qədər evdən çıxmamalıdır. Əgər yağış insanları küçədə yaxalayarsa, beton və ya metal örtüyü olan sığınacaqlara çəkilmək tövsiyə olunur. Həmçinin açıq su mənbələrindən istifadə etməmək məsləhət görülür. Yağış damcıları dəriyə düşərsə, onları axar su ilə yumaq və ya sürtmək məsləhət görülmür, çünki bu, turşu birləşmələrinin dərinin məsamələrinə daha tez daxil olmasına səbəb ola bilər.

Qeyd edək ki, martın 8-də ABŞ və İsrail tərəfindən İranda yerləşən dörd neft anbarına zərbələr endirildiyi bildirilib. Bu barədə ölkə parlamentinin Energetika Komissiyasının nümayəndəsi İsmayıl Hüseyni məlumat verib.

Son xəbərlər