İran ABŞ ilə nüvə danışıqları üçün şərtini açıqladı

İran ABŞ ilə nüvə danışıqları üçün şərtini açıqladı
Dünya 16

İran ABŞ ilə nüvə proqramı üzrə danışıqların davam etdirilməsi üçün Vaşinqtonun təhdid və təzyiq siyasətindən imtina etməli olduğunu bəyan edib.

BAKU.WS xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı bu barədə İRNA agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, istənilən dialoqun əsas şərti qarşı tərəfin təzyiq və hədələrdən əl çəkməsidir.

"İstənilən danışıqların əsas şərti təhdid və təzyiqdən imtinadır. Biz bunu açıq şəkildə bildirdik və danışıqların davamı üçün bu mövqeyin mütləq şəkildə qorunmasını gözləyirik", – deyə Əraqçı vurğulayıb.

Omanın paytaxtı Maskatda keçirilən görüşü "yaxşı başlanğıc" kimi qiymətləndirən nazir qeyd edib ki, tərəflər danışıqları davam etdirmək niyyətindədirlər, lakin növbəti addımlar paytaxtlarda aparılacaq məsləhətləşmələrdən sonra müəyyənləşdiriləcək.

Qeyd edək ki, İran XİN-in nümayəndəsi İsmayıl Bəqai də "X" sosial şəbəkəsində paylaşım edərək Maskat danışıqlarının dialoqun davam etdirilməsi barədə razılaşma ilə başa çatdığını açıqlayıb. Onun sözlərinə görə, İran və ABŞ mövqelərini və tələblərini ifadə edib, növbəti raundla bağlı qərarların Tehranda və Vaşinqtonda aparılacaq məsləhətləşmələrdən sonra qəbul edilməsi barədə razılığa gəliblər.

Bununla yanaşı, İran ABŞ-nin uranın sıfır səviyyədə zənginləşdirilməsi tələbinin qəbul edilmədiyini də təsdiqləyib. İran bu tələbi Maskatda keçirilən hazırkı danışıqlar raundunda rədd edib. Tərəflər əsas diqqəti mövcud uran ehtiyatlarının zənginləşdirilmə səviyyəsinin azaldılması məsələlərinə yönəldiblər.

Bildirilir ki, hazırkı raund əvvəlki danışıqlarla müqayisədə daha ciddi və konkret müzakirələrlə müşayiət olunub. İran nümayəndə heyətinə Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edib.

Xatırladaq ki, bundan əvvəl Əraqçı İran və ABŞ arasında davamlı razılaşma üçün bərabər mövqelərin və qarşılıqlı hörmətin vacibliyini vurğulamış, Tehranın 2025-ci ildə baş verən hadisələri nəzərə alaraq diplomatiyaya ehtiyatla yanaşdığını bildirmişdi.

Son xəbərlər