İngiltərədə bu məhsulların reklamına qadağa qoyuldu

İngiltərədə bu məhsulların reklamına qadağa qoyuldu
Dünya 156

İngiltərə hökuməti piylənmə ilə mübarizə məqsədilə sağlam olmayan qida və içkilərin reklamına yeni məhdudiyyətlər tətbiq edib. Qərara əsasən, bu məhsulların televiziya reklamları yerli vaxtla 05:30–21:00 aralığında qadağan olunub, onlayn platformalarda isə günün bütün saatlarında bloklanacaq.

BAKU.WS xəbər verir ki, İngiltərə Səhiyyə Nazirliyinin açıqlamasına görə, qadağa uşaq piylənməsində əsas paya malik 13 məhsul kateqoriyasını əhatə edir. Bunlara qazlı içkilər, şokolad və şirniyyatlar, pizza, tort və dondurmalarla yanaşı, bəzi səhər yeməyi məhsulları, sendviçlər, şəkərli çörək məmulatları və ətirli yoqurtlar daxildir.

Hansı məhsulların reklamına icazə verilib-verilməyəcəyi yağ, duz və şəkər tərkibini əsas götürən xüsusi bal sistemi ilə müəyyən ediləcək. Normadan yüksək göstəriciləri olan məhsulların reklamı qadağan ediləcək. Nəzarəti Reklam Standartları Qurumu (ASA) həyata keçirəcək.

Hökumət hesab edir ki, bu addım hər il uşaqların qida rasionundan təxminən 7,2 milyard kalorinin çıxarılmasına, 20 minə yaxın uşaqda piylənmənin qarşısının alınmasına və uzunmüddətli perspektivdə səhiyyə sisteminə 2 milyard funt sterlinqə yaxın qənaətə imkan verəcək.

Rəsmi məlumatlara görə, İngiltərədə məktəbə yeni başlayan uşaqların 22,1 faizi artıq çəkili və ya obezdir, ibtidai məktəbin sonunda bu göstərici 35,8 faizə yüksəlir.

Son xəbərlər