Filipp Kirkorovun atası vəfat etdi

Filipp Kirkorovun atası vəfat etdi
Dünya 128

Rusiyanın Xalq Artisti tanınmış müğənni Bedros Kirkorov 92 yaşında dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə onun oğlu, məşhur ifaçı Filipp Kirkorov sosial şəbəkədə məlumat yayıb.

"Artıq uşaq deyiləm... Bu gün, 18 mart 2025-ci il, saat 15:37-də atam – Rusiyanın Xalq Artisti Bedros Kirkorov dünyasını dəyişdi. Amma sən heç vaxt qəlbimizdən getməyəcəksən", – deyə Kirkorov bildirib.

Filipp Kirkorovun sözlərinə görə, atasının səhhəti son illərdə zəifləmişdi. O, 2024-cü ilin sentyabrında atasının xəstəxanadan evə buraxıldığını, lakin səhhətinin yaxşı olmadığını açıqlamışdı.

Məlumata görə, Bedros Kirkorov 2024-cü ilin dekabrında reanimasiya şöbəsinə yerləşdirilmişdi. Bildirilir ki, o, həkimlərin tövsiyələrinə əməl etməyərək alternativ tibbi üsullarla müalicə olunmağa üstünlük verib. Müğənni Tibet təbabəti, bitki çayları, masajlar və zəli terapiyasından istifadə edib.

Bedros Kirkorov musiqi karyerasına hərbi xidmət zamanı başlayıb. Onun ifaları Sovet dövründən etibarən geniş tanınıb və sevilib. 2012-ci ildə o, Rusiyanın Xalq Artisti fəxri adına layiq görülüb.

Kirkorovun vəfatı rus estrada sənəti üçün böyük itki kimi dəyərləndirilir. Onun mahnıları və səhnə fəaliyyəti uzun illər yaddaşlarda qalacaq.

Son xəbərlər