Dünyanın hansı ölkələrində məktəbdə telefon işlətmək qadağandır?
Şagirdlərin diqqətinin yayındığı, dərs keyfiyyətinin aşağı düşdüyü və kibertəhlükələrin artdığı ilə bağlı narahatlıqlar fonunda dünyanın bir çox ölkəsi məktəblərdə mobil telefonlardan istifadəni məhdudlaşdırmağa başlayıb.
BAKU.WS-in məlumatına görə, son illər bu istiqamətdə qəbul edilən qərarların sayı sürətlə artır.
UNESCO-nun 2026-cı il hesabatına görə, hazırda dünyada 114 ölkə və təhsil sistemi məktəblərdə mobil telefonlardan istifadəyə dair milli səviyyədə qadağa və ya ciddi məhdudiyyət tətbiq edir. Bu, dünya ölkələrinin təxminən 58 faizinə bərabərdir.
Avropada bu sahədə ən sərt qaydalardan biri Fransada tətbiq olunur. Burada mobil telefonlardan istifadə artıq uzun müddətdir məhdudlaşdırılır və son illərdə qadağanın əhatə dairəsi daha da genişləndirilib. İtaliyada isə telefonlardan dərs zamanı istifadə qadağan edilib, bəzi məktəblərdə şagirdlər cihazlarını günün əvvəlində xüsusi qutulara təhvil verirlər.
Niderland məktəblərində 2024-cü ildən etibarən telefon, planşet və ağıllı saatlardan dərs zamanı istifadə məhdudlaşdırılıb. Aparılan ilkin qiymətləndirmələr göstərir ki, bu qərardan sonra şagirdlərin diqqəti və sinifdaxili ünsiyyəti yaxşılaşıb.
Macarıstan, Latviya, Belçika, Avstriya, Portuqaliya, Yunanıstan, İrlandiya, Lüksemburq, Malta, Kipr və Sloveniya da məktəblərdə telefon istifadəsini məhdudlaşdıran ölkələr sırasındadır. Finlandiya, Rumıniya, Slovakiya və Niderland kimi bəzi ölkələrdə isə qadağa əsasən dərs saatlarını əhatə edir və müəllim tədris məqsədilə istisna tətbiq edə bilir.
Bundan başqa, İsveç, Danimarka və Çexiya da məktəblərdə telefon istifadəsinə dair daha sərt qaydaların tətbiqi istiqamətində qərarlar qəbul edib və ya hazırlıq işləri aparır.
ABŞ-də da bu tendensiya güclənir. Bir çox ştat məktəblərdə telefon istifadəsini məhdudlaşdıran qanunlar qəbul edib və ya məktəb rayonlarını bu istiqamətdə siyasət hazırlamağa məcbur edib.
Bu siyahıya artıq Azərbaycan da qoşulub. Elm və təhsil naziri Emin Əmrullayevin təsdiqlədiyi yeni qaydalara əsasən, məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində şagirdlərin dərs müddətində mobil telefon, planşet, ağıllı saat və digər elektron cihazlardan istifadə etməsi qadağan edilib. Cihazlar dərs başa çatanadək məktəbin müəyyən etdiyi saxlama yerlərində saxlanılacaq. Yalnız müəllimin icazəsi ilə tədris məqsədləri və ya fövqəladə hallarda bu cihazlardan istifadə mümkün olacaq.
Oxşar xəbərlər
Çin daha 20 Yaponiya şirkətinə ixrac məhdudiyyəti tətbiq edib
Çin daha 20 Yaponiya şirkətini ixrac nəzarəti siyahısına daxil edərək onlara ikili təyinatlı məhsulların satışını qadağan edib. BAKU.WS xəbər verir ki, bu barəd...