Dünya gözləniləndən daha tez yox olacaq

Dünya gözləniləndən daha tez yox olacaq
Dünya 84

Qara dəliklərdən yayılan radiasiya səbəbilə kainatın tamamilə məhv olacağı tarix əvvəlki hesablamalara nisbətən daha erkən baş verəcək. Bu barədə Radboud Universitetinin (Niderland) alimləri Journal of Cosmology and Astroparticle Physics jurnalında dərc olunan yeni tədqiqatlarında bildiriblər.

BAKU.WS xəbər verir ki, hesablamaları qara dəliklər üzrə ekspert Heyno Falkə, fizik Mixael Vondrak və riyaziyyatçı Valter van Suylekom aparıblar. Onların yeni hesablamalarına görə, kainatdakı bütün ulduzların və maddənin dağılması 10 üstü 78 (10⁷⁸) il sonra baş verəcək.

Tədqiqatçılar qeyd ediblər ki, bu, daha əvvəl hesablanandan xeyli tezdir. Belə ki, 2023-cü ildə həmin alimlər kainatın 10 üstü 1100 (10¹¹⁰⁰) il sonra yox olacağını proqnozlaşdırmışdılar. Lakin o zaman onlar qara dəliklərin və neytron ulduzlarının təsirini nəzərə almamışdılar. Qara dəliklərin elementar hissəciklər yayması prosesi "Hokinq radiasiyası" kimi tanınır.

Alimlər hesab edirlər ki, 10⁷⁸ il sonra kainatdakı ən davamlı göy cisimlərindən olan ağ cırtdanlar da dağılacaq. "Kainatın sonu düşündüyümüzdən daha tez gələcək, amma buna hələ çox var," – deyə Falkə bildirib.

Tədqiqatda həmçinin Ayın nə vaxt yox olacağına dair də proqnoz verilib. Hesablamalara görə, Yer kürəsinin təbii peyki təqribən 10 üstü 90 (10⁹⁰) il sonra buxarlanacaq.

Xatırladaq ki, fevral ayında ABŞ və İsveçrədən olan bir qrup fizik paralel kainatların mövcudluğuna dair ilk potensial sübutların əldə olunduğunu açıqlamışdı. Onlar subatom səviyyəsində bizim kainatla qarşılıqlı əlaqədə olan "kölgə" kainatdan bəhs etmişdilər.

Son xəbərlər