Britaniyada ölüm hökmü bərpa edilə bilər

Britaniyada ölüm hökmü bərpa edilə bilər
Dünya 30

Britaniya parlamentində ölüm hökmünün qaytarılması müzakirə edilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkə parlamentinin İcmalar Palatasının (aşağı palata) "Reform UK" partiyasından olan üzvü Rupert Lou Britaniyada üç qızın səs-küylü qətlindən sonra təklif edib.

"Məncə, müstəsna hallarda ölüm hökmünün tətbiqi ilə bağlı milli müzakirələrin vaxtı çatıb. Bu, müstəsna haldır", - deyə deputat X-də yazıb.

Xatırladaq ki, Britaniya 1998-ci ildə İnsan Haqları Aktı qüvvəyə mindikdən sonra ölüm hökmünü ləğv edib. Ölkədə sonuncu dəfə belə bir cəza 1964-cü ildə qətl və quldurluqda təqsirli bilinən Qvin Evans və Piter Allenə qarşı tətbiq edilib.

Qeyd edək ki, "Liverpool Crown" məhkəməsi yanvarın 23-də 17 yaşlı Ruandalı yeniyetmə Aksel Rudakubananı İngiltərənin şimalındakı Southport şəhərində üç qızı qətlə yetirdiyinə görə minimum 52 il müddətinə ömürlük həbs cəzasına məhkum edib. Bu cəza forması o deməkdir ki, Rudakubana 52 ildən sonra azadlığa çıxmaq üçün müraciət edə biləcək.

29 iyul 2024-cü ildə Rudakubana Southportda uşaq rəqs emalatxanasına bıçaqla hücum etdi və üç qızı öldürdü. Hücum zamanı daha səkkiz uşaq və iki böyük yaralanıb.

Son xəbərlər