BBC: Böyük Britaniya ABŞ-ın İrana mümkün zərbələri üçün hərbi bazalardan istifadəsinə icazə verməyib
Böyük Britaniya hökuməti ABŞ-a İrana qarşı mümkün hərbi zərbələr üçün ölkə ərazisində yerləşən hərbi bazalardan istifadə etməyə icazə verməyib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
ABŞ daha əvvəl Yaxın Şərqdə əməliyyatlar zamanı Qlosterşir qraflığında yerləşən RAF Fairford aviabazasından, eləcə də Hind okeanında yerləşən və Böyük Britaniyanın xarici ərazisi sayılan Dieqo Qarsiya adasındakı birgə hərbi bazadan istifadə edib.
"The Times" qəzetinin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın Baş nazir Kir Starmerin Çaqos adalarının Mavrikiyə verilməsi və həmin ərazidə yerləşən birgə Böyük Britaniya–ABŞ hərbi bazasının icarəyə götürülməsi ilə bağlı razılaşmanı tənqid etməsi məhz Londonun bazalardan istifadə üçün icazə verməməsi ilə əlaqəli ola bilər.
Böyük Britaniya hökumətinin sözçüsü bildirib: "Əməliyyat məsələləri ilə bağlı şərh vermirik".
ABŞ İranı nüvə proqramını məhdudlaşdırmağa razı salmağa çalışır və razılıq əldə olunmadığı təqdirdə, mümkün hərbi zərbələrlə hədələyib. Vaşinqton ehtimal olunan əməliyyata hazırlıq çərçivəsində regiona hərbi gəmilər, təyyarələr və digər hərbi vasitələr göndərib. Eyni zamanda, İsveçrədə amerikalı və iranlı nümayəndələr arasında aparılan danışıqlarda müəyyən irəliləyişin olduğu bildirilir. Donald Tramp jurnalistlərə açıqlamasında deyib ki, ABŞ-ın İranla razılığa gəlib-gəlməyəcəyi və ya hərbi addım atıb-atmayacağı "yaxın 10 gün ərzində" bəlli olacaq.
Böyük Britaniya hökumətinin sözçüsü əlavə edib: "ABŞ və İran arasında siyasi proses davam edir və Böyük Britaniya bunu dəstəkləyir. İran heç vaxt nüvə silahı əldə etməməlidir və bizim prioritetimiz regionda təhlükəsizliyin təmin olunmasıdır".
Oxşar xəbərlər
Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş bəzi sanksiyaların müddətini bir il uzadıb. BAKU.WS...