Avropa ölkələrində elektrik kollapsı - Milyonlarla insan işıqsız qaldı

Avropa ölkələrində elektrik kollapsı - Milyonlarla insan işıqsız qaldı
Dünya 75

İspaniya, Portuqaliya, Fransanın bəzi bölgələri və Belçikada genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Avropanın enerji sistemində yaranan ciddi nasazlıq nəticəsində milyonlarla insan işıqsız qalıb. İlkin məlumatlara görə, insident Qərbi Avropa ölkələrini birləşdirən magistral elektrik ötürücü xətlərdəki problemlərlə bağlı olub.

BAKU.WS xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Elektrik kəsintisi əsas infrastruktur obyektlərinə, o cümlədən hava limanlarına, metro xətlərinə və telekommunikasiya şəbəkələrinə təsir edib. Yerli KİV-lər Portuqaliyanın bütün ölkə üzrə işıqsız qaldığını, İspaniyanın Madrid, Barselona, Valensiya və Sevilya kimi şəhərlərində də elektrik enerjisinin kəsildiyini bildiriblər. Fransanın İspaniya sərhədinə yaxın bölgələri və Belçikanın bəzi hissələri də kəsintidən təsirlənib.

Ən çox zərər görən obyektlər arasında Madriddəki Baraxas Beynəlxalq Hava Limanı olub - burada bütün sistemlər dayanıb. Regionun digər hava limanlarında da fəaliyyət dayandırılıb. Valensiyada metro tamamilə fəaliyyətini dayandırıb, Madriddə isə bəzi sərnişinlər yeraltı nəqliyyatdan təxliyə edilib.

Elektrik enerjisinin kəsilməsi işıqforların işləməməsinə, yollarda xaosun yaranmasına və mobil rabitədə ciddi problemlərə səbəb olub.

Hadisənin dəqiq səbəbi hələ rəsmi təsdiqlənməyib. İddialardan birinə görə, Fransanın cənub-qərbindəki Alarik dağında baş verən yanğın Perpinyan və Narbonnu birləşdirən yüksək gərginlikli elektrik xəttini sıradan çıxarıb. Həmin xətt Fransa ilə Pireney yarımadası arasında enerji əlaqəsi üçün strateji əhəmiyyət daşıyır.

İspaniyanın Red Electrica şirkəti problemin aradan qaldırılması üzərində çalışdıqlarını bildirib, lakin kəsintinin dəqiq səbəbinin hələlik açıqlanmadığını qeyd edib.

Son xəbərlər