Argentina fiziki şəxslər üçün valyuta məhdudiyyətlərini aradan qaldırır

Argentina fiziki şəxslər üçün valyuta məhdudiyyətlərini aradan qaldırır
Dünya 369

Argentina hökuməti Beynəlxalq Valyuta Fondu (IMF) ilə yeni razılaşma əldə etdikdən sonra aprelin 14-dən valyuta məhdudiyyətlərinin bir hissəsini aradan qaldırır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo məlumat verib.

"Bu bizə bazar ertəsindən etibarən 2019-cu ildə tətbiq edilən və iqtisadiyyatın normal fəaliyyətini məhdudlaşdıraraq bu qədər zərər vuran valyuta nəzarətinə son qoymağa imkan verəcək", – o, mətbuat konfransında bildirib.

Argentina Mərkəzi Bankının məlumatına görə, hökumətin iqtisadi proqramının yeni mərhələsində "dolların məzənnəsi 1 000-dən 1 400 pesoya qədər dəyişə biləcək". Bu diapazon ayda 1 % genişlənəcək.

"Fiziki şəxslər üçün valyuta məhdudiyyətləri aradan qaldırılır, xarici səhmdarlara mənfəətin bölüşdürülməsinə icazə verilir", – tənzimləyici qurum bildirib.

Valyuta məhdudiyyətləri valyuta ehtiyatlarının çatışmazlığı səbəbindən keçmiş prezident Maurisio Makrinin hökuməti tərəfindən 2019-cu ilin sentyabrında tətbiq edilmişdi. Ölkədə bir neçə məzənnə növü mövcuddur. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş rəsmi məzənnə 1 dollar üçün 1 097 peso, birja məzənnəsi 1 dollar üçün 1 330 peso, "qara bazar" məzənnəsi isə 1 375 pesodur. Fiziki şəxslərə ayda 200 dollardan çox almağa icazə verilmirdi.

Son xəbərlər