ABŞ ordusu İraqı tərk edir: Vaşinqtonun növbəti hərbi hədəfi haradır?
ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, Donald Tramp administrasiyası Kuba ilə bağlı bütün mümkün hərəkət ssenarilərini, o cümlədən hərbi müdaxilə variantını nəzərdən keçirir.
Digər məlumata görə isə ABŞ Silahlı Qüvvələri təhlükəsizliyin təmin edilməsi ilə bağlı səlahiyyətləri yerli hökumətə təhvil verərək İraqdan tamamilə çıxacaq. Bu prosesin 30 sentyabr 2026-cı il tarixinədək yekunlaşdırılması planlaşdırılır.
Görəsən, bütün bunlar ABŞ-nin yeni əməliyyatlarının anonsu ola bilərmi?
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Zaur İbrahimli qeyd edib ki, ABŞ-nin Venesueladakı əməliyyatı unikal idi və Birləşmiş Ştatların bunu Kubada təkrarlaması çətindir.
O qeyd edib ki, ABŞ Venesueladakı əməliyyata uzun müddət hazırlaşmışdı:
"Kubaya qarşı isə əməliyyatın uğurla nəticələnəcəyini demək çətindir. Çünki Venesuela elitası ABŞ hökuməti ilə sövdələşməyə getmişdi. Düzdür, Nikolas Maduro ABŞ-yə gətirilsə də, faktiki olaraq sözügedən ölkəni yerli hakimiyyət idarə edir. ABŞ-nin isə rəsmi Venesuela üzərində ümumi nəzarəti var. Kubaya münasibətdə də oxşar proseslər baş tutarsa, ABŞ uğur qazana bilər. Ancaq bununla bağlı qəti fikir söyləmək çətindir.
Venesuelaya qarşı plan uzun müddət ərzində hazırlanmışdı, ölkə blokadaya alınmışdı. Buna görə də oradakı prosesləri müəyyən qədər təhlil etmək mümkün idi. Kuba ilə bağlı isə vəziyyət fərqlidir. Çünki Kubanın ABŞ ilə münasibətlərinin özünəməxsus tarixi var. Bu baxımdan oxşar ssenarinin təkrarlanacağını demək üçün əsaslar zəifdir.
ABŞ-nin Kubanı təcrid etmək imkanları var. Belə olan halda, Kuba uzun müddət müqavimət göstərə bilməyəcək. Çünki Kubanın ənənəvi müttəfiqləri olan Rusiya və Çinin sonadək ona dəstək verəcəyi də o qədər ağlabatan görünmür. Venesuela ssenarisi tam təkrarlanmasa da, mövcud vəziyyət Kuba üçün əlverişli deyil. Ehtimal edirəm ki, Kuba ABŞ ilə sövdələşməyə gedə bilər və bunun nəticəsində rəsmi Vaşinqton ölkə üzərində ümumi nəzarəti əldə edəcək".
Oxşar xəbərlər
İrəvan meriyasının binasında YANĞIN: Çoxlu sayda əməkdaş təxliyə edildi
İrəvan meriyasının 2-ci korpusunun binasında yanğın baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə yerinə İrəvan Yanğın-Xilasetmə İdarəsinin dörd...