ABŞ-nin neft şirkətlərinin səhmləri Trampın Venesuela ilə bağlı bəyanatları fonunda bahalaşıb
ABŞ-nin neft şirkətlərinin səhmləri ABŞ Prezidenti Donald Trampın Venesuelanın neft ehtiyatlarına mümkün çıxışla bağlı açıqlamaları fonunda bahalaşıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Tramp ötən gün ABŞ şirkətlərinin Venesuelanın neft sektoruna çıxışının təmin edilməsi planları barədə açıqlama verib.
"Onlar Venesuelaya gəlməyi çox istəyirlər. Böyük neft şirkətləri infrastrukturun bərpası ilə məşğul olacaq və öz vəsaitlərini yatıracaq. Biz pul qoymağı planlaşdırmırıq", - Tramp bildirib.
Bunun fonunda ABŞ-nin xüsusi icazəsi ilə Venesuelada fəaliyyətini davam etdirən ölkənin yeganə böyük şirkəti "Chevron"un səhmləri premarketdə 6,5 %, "Marathon Petroleum", "Phillips 66", "Valero Energy" və "PBF Energy" kimi neft emalı şirkətlərinin qiymətli kağızları isə 4-11 % bahalaşıb.
Ekspertlər qeyd edirlər ki, Venesuelanın ağır yüksək kükürdlü nefti ABŞ-nin Meksika körfəzi sahilindəki neft emalı zavodları üçün uyğundur.
"Baker Hughes", "Halliburton" və "SLB" şirkətlərinin səhmləri də 6,6-9 % bahalaşıb.
Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatlarının aparılmasına sanksiya vermişdi. Bir neçə aylıq hazırlıqdan sonra 2026-cı il yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşı Siliya Floresi Karakasdakı Fuerte-Tiuna kompleksində saxlayıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə evakuasiya edilərək narkoterrorizm ittihamları üzrə məhkəmə üçün Nyu-Yorka gətirilib.
Oxşar xəbərlər
"Kızılcık Şerbeti"nin aktyoru sərbəst buraxıldı
"Kızılcık Şerbeti"nin aktyoru Doğukan Güngör sərbəst buraxılıb. BAKU.WS xəbər verir ki, Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyaytları çərçivəsində...