ABŞ-dən Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ: Gəmilər İran sularından uzaq dursun

ABŞ-dən Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ: Gəmilər İran sularından uzaq dursun
Dünya 45

ABŞ və İran arasında Omanda keçirilən danışıqlar fonunda ABŞ Dənizçilik İdarəsi Amerika bayraqlı gəmilər üçün yeni təhlükəsizlik protokolları yayımlayıb. Qurum Hörmüz boğazından keçən gəmilərə İranın ərazi sularından "mümkün qədər uzaq durmağı" tövsiyə edib.

BAKU.WS xəbər verir ki, xəbərdarlıqda gəmi kapitanlarına İran qüvvələrinin gəmiyə çıxmasına icazə verməmək, lakin mümkün müdaxilə zamanı zor tətbiq edərək müqavimət göstərməmək tövsiyə olunur. Bildirilir ki, "İran qüvvələri ABŞ bayraqlı ticarət gəmisinə çıxarsa, heyət zorla müqavimət göstərməməlidir. Müqavimətdən çəkinmək müdaxiləyə razılıq verilməsi anlamına gəlmir". Şərq istiqamətində hərəkət edən gəmilərə Oman sularına yaxın marşrut seçmək məsləhət görülüb.

ABŞ hökuməti Hörmüz boğazını strateji əhəmiyyətinə görə "dünyanın ən vacib neft boğazı" adlandırır. Yanvarın sonunda ABŞ ordusu bölgədə bir təyyarədaşıyana yaxınlaşan İran pilotsuz aparatının vurulduğunu açıqlamışdı.

Qeyd edək ki, Tehran danışıqların yalnız nüvə mövzusu ilə məhdudlaşmasını istəyir. Vaşinqton isə İranın raket proqramı və regiondakı silahlı qruplara dəstəyinin də müzakirə edilməsində israrlıdır. ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Prezident Donald Tramp uranın zənginləşdirilməsi ilə bağlı "sıfır zənginləşdirmə" tələbində qətidir, Tehran isə bunu suveren hüququ hesab edir.

Son xəbərlər