Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər ölüb.

Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O qeyd edib ki, Malatyada iki, Elazığda iki nəfər ölüb.

Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb:

"Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb ediliblər. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz".


23:12


Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4-5 binada dağıntı olub.

BAKU.WS xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar nəticəsində iki nəfər yaralanıb.

Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu isə bildirib ki, hazırda dağıntıların olub-olmaması ilə bağlı araşdırma aparılır: "Əməkdaşlarımız hadisə yerindədir", - deyə o bildirib.

Sivrice rayon bələdiyyəsinin sədri Turay Gündoğan zəlzələ zamanı heç bir təlafat olmadığını bildirib. 

Daxili İşlər naziri Süleyman Soylu isə məlumat verib ki, hələlik iki yaralı xəstəxanaya yerləşdirilib. Kənd yerlərində dağıntı barədə məlumatlar qeydə alınıb. Araşdırmalar davam edir.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkan yerli vaxtla saat 20:55-də Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb.

Aidiyyəti üzrə bütün dövlət qurumları təbii fəlakətlə bağlı fəaliyyət göstərir.

BAKU.WS