SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun öldürülməsi iddiası ilə əlaqədar müttəhimlər Gözəl Dəmirov və sürücüsü Barış Aslan hakim qarşısına çıxıblar.

BAKU.WS xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, İstanbulun Bakırköy 22-ci Ağır Cəza Məhkəməsində keçirilən iclas zamanı Gözəl Dəmirov, Barış Aslan və tərəflərin vəkilləri çıxış ediblər. Məhkəmədə mərhum Etimad İsmayılovun atası İlyas İsmayılov da olub.

Təqsirləndirilən müttəhim Gözəl Dəmirov hadisə günü Etimad İsmayılovun ofisinə gedərkən ona hədiyyə olaraq verilmiş sənədsiz silahı da götürdüyünü bildirib: "Etimad İsmayılov danışarkən qəflətən ayağa qalxdı, sağ əlini cibinə saldı. Kreslosu sürətlə geri qayıtdı. Mən də silahımı götürdüm. Ona atəş açdım. Əlindəkinin telefon olduğunu sonradan başa düşdüm. Başqa yolum yox idi. Atası buradadır. Azərbaycanın ən hörmətli şəxslərindəndir. Ondan üzr istəyirəm. O, Etimadın necə insan olduğunu bilir. Mən indi peşmanam. Kaş ki, bunu etməyəydim".

Daha sonra maşına mindiyini, vəziyyəti oğluna danışarkən sürücüsü Barış Aslanın da bunu eşitdiyini deyən Dəmirov, "Qaçmaq istəsəydim, qaçardım. İstanbulu yarım saat içində tərk edərdim",-deyə vurğulayıb.

Təqsirləndirilən Barış Aslan ifadəsində deyib ki, Gözəl Dəmirov daima rus dilində danışıb, ona çox şey söyləməyib və aralarındakı münasibətlər haqqında çox şey bilməyib.

Etimad İsmayilovun atası İlyas İsmayılov təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu ifadə edib: "Türkiyə ədalətinə güvənirəm. Oğlum şübhəlinin izah etdiyi kimi biri deyildi. Sözündə duran, mərd və dürüst bir insan idi. Öz puluyla Somalidəki uşaqlar üçün su quyusu qazdırmışdı. Müqavilələrində uşaqlar evinə yardımla bağlı şərtlər qoyurdu. Təqsirləndirilən şəxs mənə müraciət etsəydi, oğluma xəbərdarlıq edərdim. O, mənim bir sözümü iki etməzdi".

Mərhumun həyat yoldaşı Sevil Nuriyevanın vəkili müvəkkilinin da müttəhimlərdən şikayətçi olduğunu bildirib.

Məhkəmə müttəhim Gözəl Dəmirovun həbsini davam etdirmək və müttəhim Barış Aslanın "sübut statusu, cinayətin keyfiyyətini dəyişdirmə ehtimalı" olduğuna görə səs çoxluğu ilə sərbəst buraxılmasına qərar verib. Məhkəmə ona ölkəni tərk etmək qadağası və ən yaxın polis bölməsinə imza atmaq şərti qoyub.

Bundan əlavə məhkəmə zorla 5 şahidin gətirilməsinə qərar çıxarıb və çatışmayan məsələlərin aradan qaldırılması üçün iclası təxirə salıb.

Orxan Hüseyn
BAKU.WS