Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi jurnalist Camal Qaşıqçının itkin düşməsi qalmaqalına görə Türkiyəni tərk edərək ölkəsinə qayıdıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, diplomat Türkiyə vaxtı ilə saat 17:00-da Atatürk Hava Limanından “Saudia” aviaşirkətinə məxsus təyyarə ilə Ər-Riyada yola düşüb.

Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulun ölkəni tərk etməsinə mane ola bilməyib.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib ki, diplomatların toxunulmazlıq hüququ var. Onlar Vyana konvensiyasının müdafiəsi altındadırlar və onun gedişinə mane olmaq olmazdı. "Türkiyə hüquqi dövlətdir. Biz baş konsulluğa baxış keçirmək üçün icazə istədik, bizə dərhal razılıq verilmədi, sonra biz onu aldıq. Biz istintaqın gedişatını yüksək həssaslıqla izləyirik", - deyə Çelik jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyə hökuməti məsələnin araşdırılmasını boş buraxmaq niyyətində deyil.

"Hazırda müxtəlif ehtimallar ortaya çıxır, lakin belə vacib bir məsələdə araşdırmaların dünya ictimaiyyəti üçün açıqlanacaq nəticələri olmadan, bir kəlmə artıq söz demək olmaz", - deyə Çelik əlavə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşı, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb. Onun artıq konsulluqda işgəncə ilə öldürüldüyü təsdiq olunub.

BAKU.WS