SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkələrin adətən xarici işlər, daxili işlər, ədliyyə, təhsil və maliyyə kimi sahələrdə adət halını almış nazirlikləri olur.

Bəzi ölkələr nazirliklərini maraqlı şəkildə formalaşdırmağa üstünlük verir və həll yönümlü işləməyə davam edirlər. Bu nazirliklər arasında Xoşbəxtlik Nazirliyi, Tənhalıq Nazirliyi kimi maraqlı qurumlar da var.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ingilis dilində "Minister" mənasını verən nazirlər hökumətlərdə müxtəlif vəzifələri yerinə yetirən insanlardır. Ölkələrindən asılı olaraq müxtəlif titul və səlahiyyətlərə malikdirlər. Amerikada nazirlərə “katib” deyirlər. Fransada əsas nazirlərdən başqa nazir köməkçiləri də var.

Kişi dominantlığının ləğv edilməsi nazirliyi - Boliviya

Boliviya Prezidenti Luis Arce 2020-ci ilin Noyabr ayında kabinetini təyin edərkən ilkə imza atıb və Mədəniyyətlər, Dekolonizasiya və Kişi Dominantlığının Aradan qaldırılması Nazirliyi adı altında bir nazirlik qurub. Bu vəzifəyə təyin edilən ilk şəxs yerli Keçua xalqının nümayəndəsi Sabina Orellana olub. Orellana öz missiyasını “müstəmləkəsizləşmiş patriarxiyadan azad, öz kökləri və yerli mədəniyyətin zənginliyi əsasında inkişaf edən bir ölkə qurmaq” olaraq təyin edib.

Rəqəmsal İşlər Nazirliyi - Tayvan

Tayvanın yeni nazirliyi, Rəqəmsal İşlər Nazirliyi 27 avqust 2022-ci il tarixindən fəaliyyətə başlayıb. Hökumət qurumlarının konsolidasiyası və mövcud rəqəmsal imkanların yenidən dizaynı kimi mövzularda yenilik gətirəcək nazirlik Yaponiya və Cənubi Koreyada təsirli olub.

Birlik nazirliyi - Cənubi Koreya

Cənubi Koreya ilə Şimali Koreya arasında müharibə hələ də davam edir. İki ölkə uzun müddətdir ki, atəşkəsdədir, lakin tək Koreya hədəfi üzərində işləyən nazirlik 1998-ci ildən fəaliyyət göstərir.

Tənhalıq nazirliyi - Birləşmiş Krallıq və Yaponiya

Tetsushi Sakamoto Yaponiyada 2021-ci ilin fevralında yaradılan Tənhalıq Nazirliyinin rəhbəri təyin edilib. Belə bir nazirlik Yaponiyada tək yaşayan fərdlərin intihar nisbətinin artması səbəbindən yaradılıb. Analoji nazirlik 2018-ci ildə İngiltərədə yaşlı britaniyalıların vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə yaradılıb.

Qəhvə nazirliyi - Papua Yeni Qvineya

Sakit Okeanın cənub-qərbində yerləşən Papua Yeni Qvineyada kənd təsərrüfatı məhsullarının 30 faizi qəhvədən ibarətdir. Onun gəliri ölkənin ümumi daxili məhsulunun 6 faizini təşkil edir. Məhz buna görə də ölkənin baş naziri Ceyms Marape, Co Kulini qəhvə naziri təyin edib. Qəhvə istehsalında iqlim böhranının yaratdığı təhlükələrə qarşı tədbirlər görülüb.

Yoqa nazirliyi - Hindistan

2014-cü ildə ənənəvi tibbi təcrübələri və yoqanı təşviq etmək üçün Yoqa Nazirliyi yaradılmışdır.

Planetləri mühafizə nazirliyi - ABŞ

Nazirliyin vəzifəsi günəş sisteminin planetlərinin tədqiqində məsuliyyətli davranışı qorumaqdır. Nazirlik hər hansı planetin orijinal quruluşunun zədələnməməsi və həyat izləri axtararkən zərərli fəaliyyətlərdən qaçınmaq üçün lazımi tədbirlərin görülməsini təmin edir.

Tualet nazirliyi - Yaponiya

Yaponiyanın ən vacib elementlərindən biri onun tualetləridir. Haruko Arimura 2014-cü ildə Tualet Naziri təyin edildikdə, bu heç kimə qəribə gəlmədi. Nazirlik ictimai tualetlərin təmiz saxlanması, təmiri və lazım gəldikdə yenilərinin açılmasına cavabdehdir.

Xoşbəxtlik nazirliyi - BƏƏ

Birləşmiş Ərəb Əmirlikləri öz vətəndaşlarının xoşbəxtliyini şansa buraxmaq istəmir. 2016-cı ildə yaradılmış “Xoşbəxtlik, Sülh və Tolerantlıq Nazirliyi”nin məqsədi ölkəni dünyanın ən xoşbəxt beş ölkəsindən biri etməkdir.

BAKU.WS