SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Ordusunun Ermənistan işğalçı qüvvələri üzərindəki möhtəşəm qələbəsindən sonra İranın ölkəmizə qarşı münasibəti açıq düşmənçilik müstəvisinə keçib.

Molla rejimi Azərbaycana qarşı iyrənc təbliğatıyla, Ermənistana verdiyi hərtərəfli dəstəklə, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaratmaqla, ölkəmizə qarşı iftira və böhtan dolu çıxışları ilə, həmçinin torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində də təcavüzkarın yanında olduğunu bir daha sübuta yetirir.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan torpaqlarının işğalı dövründə Ermənsitana rəhbərlik etmiş Levon Ter-Petrosyan həmin dövrdə İranla keçid məntəqəsinin ermənilər üçün "həyat yolu" olduğunu öz müsahibələrində dəfələrlə vurğulayıb.

"Eyni fikirləri Azərbaycan torpaqlarının işğalında iştirak etmiş müharibə caniləri Robert Köçəryan və Serj Sarkisyan da müxtəlif dövrlərdə və fərqli ifadələrlə dilə gətirərək, İranın hər zaman Ermənistanın yanında olduğunu bəyan ediblər.

İran Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bütün layihələrə Ermənistanla birlikdə alternativlər tapmağa çalışıb və təbii ki, onların əhəmiyyətli hissəsini yerinə yetirə bilməyib. Tehranla İrəvanın bu məqsədlə imzaladıqları 180-dən çox müqavilənin əhəmiyyətli hissəsi maliyyə çatışmazlığı ucbatından icra olunmayıb, amma icra olunanları da var.

Məsələn, Azərbaycanla Türkiyə arasında "Ümid körpüsü"nün açılışından dərhal sonra Tehran hərəkətə keçərək Araz çayı üzərindən İranla Ermənistanı birləşdirən körpünün inşasına başlayıb.

2016-cı ildən başlayaraq, İran Ermənistan vətəndaşları üçün vizasız-gediş gəliş rejimi təqbiq edib. Hazırda Ermənistanda 5 mindən artıq İran şirkəti qeydiyyatdan keçib və onların əhəmiyyətli hisəsi fəaliyyətini davam etdirir.

Qeyd edim ki, molla rejimi Azərbaycana qarşı ideoloji təxribatlarını həyata keçirmək, tarixi Azərbaycan ərazilərində - indiki Ermənistanda Azərbaycanın mədəni irsinin mənimsənilməsi istiqamətində də rəsmi İrəvanla birgə fəaliyyət göstərir.

Bir müddət öncə İranın "Şərqi Azərbaycan" vilayətinin mədəni irs, turizm və sənətkarlıq departamentinin baş direktoru Əhməd Həmzəzadə İrəvanda səfərdə olub və Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Alfred Köçəryanla görüşüb.

Görüş zamanı Həmzəzadə molla rejiminin başbilənlərinin daha öncə verdikləri açıqlamaların ruhuna uyğun olaraq, "İranla Ermənistan arasındakı çoxəsrlik dostluqdan" danışıb və "qarşılıqlı münasibətlərin getdikcə daha da möhkəmləndirildiyini və inkişaf etdirildiyini" bildirib.

Şübhəsiz ki, Əhməd Həmzəzadədən iqtibas gətirdiyim fikirlərinin birinci hissəsi həqiqətdən nə qədər uzaqdırsa, sonluğu bir o qədər reallığı əks etdirir", - deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, Azərbaycana münasibətdə mollakratiyanın sərgilədiyi rəzil, utanverici davranışlar İran rejiminin din və məzhəb üzərindən yürütdüyü siyasətin bütün niqablanmış konturlarını aşkara çıxardı.

"Artıq mollakratiyanın "islam respublikası"nın guya əzilənlərin, zülmə, təcavüzə məruz qalanların "yanında yer aldığı" barədə nağıllara kimsəni inandırmaq mümkün deyil. Azərbaycanın işğaldan azad edilmiş torpaqları təkcə Ermənistanın deyil, həm də İranın üz qarasıdır. Çünki bu torpaqların viran qoyulmasında, məscidlərin tövləyə çevrilməsində, ziyarətgahların dağıdılmasında, müsəlman azərbaycanlılarının qəbirlərinin dağıdılmasında, təhqir olunmasında İranın Ermənistana verdiyi sonsuz dəstəyin də rolu az deyil", - deyə o əlavə edib.

BAKU.WS