SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Kiyev Apellyasiya Məhkəməsində 2-ci Qarabağ müharibəsi qazisi Misir Qasımlının 13.07.2022-ci il Obuxov məhkəməsinin qərarından verilən (təqsirləndirilən şəxsin həbs müddətinin iki ay artırılması) apellyasiya şikayətinə baxılıb.

BAKU.WS xəbər verir ki, məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu yayıb.

Məlumatda bildirilir ki, məhkəmə prosesində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, İdarə heyətinin üzvləri Fail Abidov, Vidadi İsrafilov, ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları - Sabir Rzayev və Samir Allahverdiyev, UABD-nin mətbuat katibi Qalib Osmanov, Poltava vilayətindən Füzuli Qəmbərov mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.

Prosesdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun vəkili Anatoliy Volkov məhkəməyə təşkilatın sədri Hikmət Cavad və İdarə Heyətinin üzvü Fail Abidovun qazimizin zaminə götürülməsi ilə bağlı vəsatətlərini təqdim edib.

Bundan başqa sədr müavini Elşad İbrahimov, İdarə Heyətinin üzvləri Fail Abidov və Vidadi İsrafilov çıxış ediblər.

Çıxışlara və UABD-nin vəkili Anatoli Volkovun verdiyi vəsatətlərə baxmayaraq, Kiyev Apellyasiya Məhkəməsi Obuxov məhkəməsinin qərarını qüvvədə saxlayıb.

UABD bəyan edir ki, sentyabr ayında baş tutacaq növbəti məhkəmə prosesinədək qazimizin azadlığa çıxması üçün bütün hüquqi addımları atacaqlar.

“Qazimiz Misir Qasımlının məhkəmə prosesi diqqətimizdədir. Onun azadlığı üçün bütün hüquqi prosedurlara baş vuracağıq. Həm UABD olaraq, həm də şəxsən mən və İdarə Heyətinin üzvü Fail Abidov qazimizi zaminə götürmək istəyirik. UABD-nin vəkili hazırda bu işlə çox ciddi məşğuldur”, - deyə Hikmət Cavad bildirib.

Xatırladaq ki, UABD-nin vəkili müvəqqəti cəzaçəkmə müəssisəsində qazimiz Misir Qasımlı ilə görüşərək istintaq zamanı Ukrayna hüquq-mühafizə orqanlarının qanunazidd hərəkətlərini onun diqqətinə çatdırıb, bununla bağlı da məhkəməyə müraciət edəcəyini bildirib.

BAKU.WS
VİDEO

QALEREYA