SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Yair Lapid iyulun 14-də “Qüds Bəyannaməsi”ni imzalayıb və birgə mətbuat konfransı keçirib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, sənədin tam adı “ABŞ-İsrail strateji tərəfdaşlığına dair Qüds Bəyannaməsi”dir.

Mətni İsrail hökuməti başçısının ofisi tərəfindən yayılan bu sənədlə Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqliyini, düşmənlərin qarşısını almaq və istənilən təhlükədən və ya təhdidlərdən qorunmaq üçün hərbi imkanlarını gücləndirdiyini təsdiqləyir.

Bəyannamədə deyilir ki, hər iki ölkə İranda nüvə silahının peyda olmasına icazə verməyəcək və İran təhlükəsinə qarşı çıxmaq üçün “milli gücün bütün elementlərindən istifadə edəcək”.

İsrail region ölkələri ilə münasibətlərin normallaşdırılması prosesində göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edir. Birləşmiş Ştatlar isə prosesdə iştirak edən ərəb və müsəlman ölkələrinin dairəsini genişləndirmək üçün bundan sonra da hər cür səy göstərəcəyini vəd edir.

Bəyannamədə həmçinin qeyd olunur ki, İsrail və ABŞ elm, texnologiya, tibb sahəsində əməkdaşlığı gücləndirəcək və inkişaf etdirəcək, dünyada ərzaq qıtlığı və qlobal istiləşmə ilə birlikdə mübarizə aparacaq.

Bəyannamənin mətnində deyilir: “ABŞ və İsrail Ukraynaya qarşı davam edən hücumlardan narahat olduqlarını, onun suverenliyi və ərazi bütövlüyünə sadiq olduqlarını vurğulayır və Ukraynaya humanitar yardımın göstərilməsinin vacibliyini təsdiqləyirlər”.

Fələstin-İsrail münaqişəsinə gəlincə, sənəddə belə deyilir: “Prezident Bayden iki dövlətin yaradılmasını dəstəklədiyini bir daha bəyan edir... ABŞ bu məqsədə çatmaq üçün İsrail, FƏləstin Muxrariyyəti və regional tərəfdaşlarla işləməyə hazırdır”.

Bəyannaməni imzaladıqdan sonra Bayden və Lapid çıxış edərək jurnalistlərin bir sıra suallarını cavablandırıblar.

Amerika prezidenti bir daha qeyd edib ki, Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyini ən mühüm məsələ hesab edir və yəhudi dövlətinin müdafiəsinə sadiqdir. Bayden ABŞ-ın İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bir daha vurğulayıb. ABŞ prezidenti həmçinin bildirib ki, Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkə ilə İsrail arasında münasibətlərin normallaşdırılması məsələsində irəliləyiş əldə olunacağına inanır.

İsrailin baş naziri də öz növbəsində bildirib ki, diplomatiya İranı dayandıra bilməyəcək və Tehran nüvə silahı əldə etmək üçün aldadıcı cəhdlərə davam edərsə, bunun əvəzini ağır ödəyəcək. Lapid çıxışında həmçinin bildirib ki, İsrail fələstinlilər də daxil olmaqla bütün qonşularına əl uzadıb, sülh istəyir, lakin öz təhlükəsizliyini pozmaq niyyətində deyil.

BAKU.WS