SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində bu günə qədər baş verən silahlı qarşıdurmalarda 8 soydaşımız dünyasını dəyişib. Həlak olan azərbaycanlılar Ukraynanın müxtəlif şəhərlərində qurbanlara çevriliblər.

BAKU.WS Rusiya-Ukrayna müharibəsində vəfat edən azərbaycanlıların siyahısını təqdim edir: 

1. Sabina Fərzəliyeva

2. Natalya Fərzəliyeva

3. Zaur Fərzəliyev

Hər üç şəxs azərbaycanlı ailənin üzvü olublar. Əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı rus ordusunun Xerson şəhərinə endirilən aviazərbələri nəticəsində dünyasını dəyişib. Qoşqarın qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər yol getdikdən sonra onların olduğu avtomobil aviazərbəyə məruz qalıb. Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub. Q.Fərzəliyev həmin vaxt orada olmayıb.

4. Qoşqar Məmmədov

Rus-Ukrayna müharibəsində vəfat edən digər soydaşımız isə Qoşqar Məmmədovdur. O, küçədə rus hərbçiləri tərəfindən güllələnərək öldürülüb. Qoşqar Xarkova qonaq gedibmiş. Mağazadan ərzaq almaq üçün küçəyə çıxan yerlimiz mülki şəxs olmasına baxmayaraq, atəşə məruz qalıb. Azərbaycanlı gənc aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Qoşqar Məmmədov Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur.

5. Nemət İsmayılov

6. Rəhim İsmayılov

7. Qalib İsmayılov

Soydaşlarımız Nemət İsmayılov, Rəhim İsmayılov və Qalib İsmayılov Odessa şəhərindən Moldovaya keçid etmək istəyən zaman naməlum hərbçilərin hücumuna məruz qalıblar. Nəticədə İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Qalib İsmayılov dünyasını dəyişiblər.

8. Camal Salmanov

Odessadan Moldovaya gedərkən atışma zamanı azərbaycanlılar rusiyalı diversantların hücumuna məruz qalıblar. Onlar arasında soydaşımız Camal Salmanov da olub. Rusiyalı diversantlar onun olduğu avtomobilə atəş açıblar. Ağır yaralanan həmyerlimiz aparıldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın şəhərlərinə raketlərlə və qırıcı təyyarələrlə hücumu davam edir. Ukrayna xalqının, demək olar ki, böyük hissəsi ölkəni tərk edib, orada qalan vətəndaşlar isə qarajlara, yeraltı parkinqlərə, zirzəmilərə sığınıb. Bəziləri isə rusların atdığı raket zərbəsindən ya da silahlı hücumlarından güllə yarası alaraq vəfat edib. Əfsuslar olsun ki, onlar arasında azərbaycanlılar da var. 

BAKU.WS