SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə baş verən meşə yanğınlarına 16 təyyarə, 9 pilotsuz uçuş aparatı (İHA), 51 helikopter və 1 pilotsuz vertolyotla müdaxilə edilir.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.

Türkiyədə yanğınlar zamanı yüz minlərlə hektar meşə yanıb, onlarla yaşayış evi yararsız vəziyyətə düşüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyə Respublikasına yola düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportundan AZAL-a məxsus təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş qrup Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq. Qrupu hava limanından fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb, müvafiq tapşırıqlar verib.

Həmçinin FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət ikinci qrup Türkiyə Respublikasına yola düşüb. Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Türkiyədə yanğınsöndürmə əməliyyatları zamanı "Beriev Be-200" təyyarələrindən istifadə olunur. Bu təyyarə Rusiya tərəfindən istehsal olunur. Həm quruda, həm də suda enə və qalxa bildiyi üçün bu təyyarələrə "Amfibiya" da deyilir. "Be-200" eyni zamanda çox məqsədli amfibiya təyyarəsidir.

Türkiyənin bu il üçün kirayə götürdüyü 3 ədəd "Be-200" 14 saniyədə 12 ton su yığa bilir. Təyyarənin maksimum uçuş çəkisi 37,2 tondur. Digər yanğınsöndürən təyyarələrdən fərqli olaraq təzyiqli gövdəyə malik olan "Be-200" naviqasiya və uçuş idarəetmə sistemi ilə təchiz olunduğu üçün çətin hava şəraitində və gecə-gündüz istifadə oluna bilir.

Türkiyə Hava Birliyinin anqarında olan, lakin istifadə edilə bilmədiyi üçün müzakirələrə səbəb olan "Canadair CL-215" modellərdən biridir.

İlk uçuşunu 1967-ci ildə həyata keçirən təyyarə 1969-cu ildə xidmətə başlayıb. 2009-cu ildə Türkiyə donanmasına 9 ədəd olaraq əlavə edilən "CL-215" 4,9 ton su tutumuna malikdir. Təyyarənin maksimum uçuş çəkisi təxminən 20 tondur.

"Canadair"in daha böyük versiyası olan "CL-415" 6,4 ton su tutumuna malikdir. İlk uçuşunu 1993-cü ildə həyata keçirən "CL-415" 1994-cü ildə xidmətə başlayıb.

Meşə yanğınları təkcə Türkiyənin problemi deyil. Bu səbəbdən Amazon kimi böyük ərazidə yanğınları söndürmək üçün nəhəng "Supertanker" təyyarəsindən istifadə olunur. Yanğınları söndürərkən istifadə edilən ən böyük təyyarə olan "Supertanker" - "Boeing 747-400" yük təyyarəsi sayılır. Maksimum uçuş ağırlığı təxminən 400 ton olan "Supertanker" 74 min 200 litr söndürmə mayesi daşımaq qabiliyyətinə malikdir.

Digər effektiv yanğınsöndürən "ShinMaywa US-2" təyyarəsidir. Yaponiya amfibiya təyyarəsi Avropa və Şimali Amerikada meşə və şəhər yanğınları ilə mübarizədə fəal xidmət göstərir.

15 ton su və ya yanğın söndürmə mayesi daşıya bilən "ShinMaywa" göldən və ya dənizdən suyu təxminən 20 saniyədə doldura bilir. Maksimum sürəti saatda 580 km olan yanğınsöndürmə təyyarəsi 4700 km uçuş məsafəsinə malikdir.

Meşələr və fabriklər kimi geniş ərazilərdəki yanğınları söndürmək üçün təyyarələrlə yanaşı vertolyotlar da istifadə olunur. Son günlərdəki yanğınlarda cəmi 51 helikopterdən istifadə edilir. Türkiyədə ilk dəfə uçan "Kamov Ka-32A" vertolyotları yanğınsöndürmə əməliyyatlarına fayda verib.

Meşə Nazirliyi yanğınlar zamanı istifadə olunması üçün ABŞ-dan iki ədəd "CH-47 Chinook" tipli yüksək tutumlu yanğınsöndürmə helikopteri icarəyə götürüb. Türkiyədə ilk dəfə yanğını söndürmək üçün istifadə olunan "CH-47 Chinook" helikopterləri 23,133 litrlik böyük səbətləri ilə yanğınlara sürətli reaksiya verə bilir.

Yanğınlarda istifadə edilən digər vertolyot "Mi-8"-dir. Rusiyada istehsal olunan yanğınsöndürmə helikopterlərinin su daşıma qabiliyyəti 2,5 tondur. Bu helikopterlər hər 5 kilometrdən bir Meşə Təsərrüfatı Baş İdarəsi tərəfindən inşa edilən və tutumu 400 tondan 1200 tona qədər olan hovuz və gölməçələrdən yanğına həssas ərazilərdə, habelə təyyarələrin təmin edə biləcəyi su mənbələrindən su götürə bilir.

Orxan Hüseyn
BAKU.WS
VİDEO