SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə musiqi sektoruna tətbiq edilən sərt karantin qaydaları yumşaldılmadı. Nəticədə uzun müddətdir bağlı qalan konsert zallarının fəaliyyəti bərpa edilmədi. Bu da məşhur müğənnilərin narazılığına səbəb oldu.

BAKU.WS xəbər verir ki, tanınmışlar sosial şəbəkə hesablarında paylaşımlar edərək bu qərara etiraz etdilər.

Meqastar Tarkan qəbul edilən yeni qərarları musiqiçilərə “hörmətsizlik” adlandırıb və bununla bağlı sosial şəbəkədə status yazıb:

“Pandemiya dövründə musiqi və əyləncə sektoruna qarşı edilən haqsızlıq heç də xoş hal deyil. Rəsmi şəxslərin sənətə və sənətçiyə qarşı bu hörmətsiz yanaşması çox üzücü haldır. Əlaqədar qurumlar təcili olaraq musiqi və əyləncə sektoru ilə bağlı yenidən ciddi qərarlar qəbul etməlidir”.

Müğənni Hadisə isə “Instagram” hesabında “Musiqi bəşəriyyətin ortaq dildir. Susmasına icazə verməyin!” qısa şərhi ilə bu məsələyə öz münasibətini bildirib.

Sənətçi Seda Sayan qəbul edilən qərarlara sərt şəkildə etiraz edərək bunları yazıb:

“Musiqi sektoru çalışanları yox hesab edilir. Evlərinə çörək apara bilməyən 100 minlərlə insan var. İntihar edən həmkarlarımız oldu. Təcili olaraq qəbul edilən qərarlara yenidən baxılmalıdır. Sənətçilərə qarşı bu münasibəti başa düşmək olmur”.

Popçu Murad Boz da eynilə Seda Sayanın fikirlərinə qoşulub və onun “Instagram”da paylaşdığı statusu öz sosial şəbəkə hesabında yayımlayıb.

Müğənni Ebru Gündəş də karantin qaydalarına etiraz edənlər arasında olub. O, sosial şəbəkə hesabında bununla bağlı paylaşım da edib:

“Biz sadəcə işləmək istəyirik. Çünki biz səhnəyə çıxanda bizimlə bərabər yüzlərlə insan çalışır. O insanlar üçün biz 1 ildir mübarizə aparırıq. Xahiş edirik, səsimizi eşidin. Musiqini yenidən duymaq hər kəs üçün çox yaxşı olacaq”.

İfaçı Alişan isə sosial şəbəkə hesabında status yazaraq musiqi sektoru ilə bağlı daha ədalətli qərarın veriləcəyini ümid etdiyini bildirib.

Sənətçi Mustafa Ceceli pandemiya səbəbilə 1 il ərzində musiqi sektorunun çökdüyünü, yumşaldılmalar zamanı isə bu sektor üçün ədalətli qərarlar qəbul edilmədiyini bildirib:

“Pandemiya başladı konsertlər qadağan edildi. 1-ci dalğa başladı musiqili proqramlar yox idi. 2-ci dalğada konsertlərin keçirilməsinə icazə verilmədi. 3-4-5-ci dalğalar başladı, konsertlər yenə keçirilmədi və tam qapanmaya gedildi.

Mən COVID-19-a yoluxdum, yenə də musiqili proqramlar keçirilmirdi. Qısacası, COVID-19-un musiqi və əyləncə ilə arası yoxdur”.

BAKU.WS