Uşaqları neçə yaşdan sonra idmana cəlb etmək olar?

Uşaqları neçə yaşdan sonra idmana cəlb etmək olar?
Foto
Digər 92

İdman uşağın yalnız fiziki sağlamlığı üçün deyil, həm də şəxsiyyət kimi formalaşması üçün vacibdir. Valideynlər övladlarının fiziki gələcəyini düşünürsə, mütləq şəkildə bu sahədə mütəxəssis rəyi almalı və uşağın yaşına uyğun idman fəaliyyətinə doğru bələdçiliyi təmin etməlidir.

Bəs uşaqları neçə yaşdan idmana cəlb etmək doğru və sağlamlığa müsbət təsir edər?

Müalicəvi fiziki tərbiyə mütəxəssisi Elsevər Məstanov BAKU.WS-ə açıqlamasında bildirib ki, uşaqları erkən yaş dövründə idmana cəlb etmək daha yaxşı olar. Onun sözlərinə görə, bu yaş dövründə uşağın orqanizmi sürətli formada dəyişir və beynin motor mərkəzləri inkişaf edir.

Uşaqları neçə yaşdan sonra idmana cəlb etmək olar?

"1–3 yaş arası uşaqlar üçün idman klassik məşq deyil, daha çox oyun əsaslı hərəkət fəaliyyətləridir.

Bu mərhələdə uşaqlar tarazlıq saxlamağı, qaçma və yeriş koordinasiyasını, tutma və atma kimi baza motor bacarıqlarını, sadə hərəkət ardıcıllıqlarını öyrənirlər.

Bu dövrdə əsas məqsəd uşağı fiziki aktivliyə alışdırmaq, hərəkətdən qorxmamağı və bədənini tanımağı öyrətməkdir", - deyə mütəxəssis bildirib.

Ekspertin sözlərinə görə, məktəbəqədər dövrdə (4–6 yaş) idmanın real təsiri görünür:

"Uşaqların idmandan gözə çarpacaq nəticə aldığı yaş məhz 4–6 yaş aralığıdır. Bu dövrdə sinir sistemi daha yetkin olur və uşaq artıq təlimatı dinləmək, hərəkəti təkrarlamaq, ardıcıllığa riayət etmək kimi bacarıqlara sahib olur.

Bu yaş dövrü idmanın ən təsirli mərhələsi sayılır, çünki uşağın koordinasiya, çeviklik, diqqət və yaddaş, balans, güc və dözümlülük kimi bacarıqları formalaşmağa başlayır. Bu inkişaf həm fiziki, həm də psixoloji olaraq gələcək uğurların təməlini qoyur".

Elsevər Məstanov əlavə edib ki, 7 yaşdan etibarən uşaq artıq müəyyən idman növünə yönləndirilə bilər:

"Bu mərhələdə dayanıqlıq, güc, taktiki düşüncə, komanda bacarıqları, rəqabət psixologiyası inkişaf edir".

İdmana gec başlamaq olarmı?

Mütəxəssis bildirir ki, hər bir yaşın öz üstünlüyü var:

"Hətta yeniyetməlik dövründə belə idmana başlamaq mümkündür. Əsas məsələ uşağın fiziki və psixoloji xüsusiyyətlərinin düzgün qiymətləndirilməsidir".

Ziya SƏCCAD

Son xəbərlər