Övlad gözləyən ailələrin NƏZƏRİNƏ - Həkimdən XƏBƏRDARLIQ

Övlad gözləyən ailələrin NƏZƏRİNƏ - Həkimdən XƏBƏRDARLIQ
Digər 602

Serebral iflic doğuşdan əvvəl, doğum zamanı və ya dərhal sonra beyində baş verən problemdən qaynaqlanır.

BAKU.WS xəbər verir ki, serebral iflic adətən körpəlikdə və ya erkən uşaqlıqda müşahidə olunur. Uşaqda hərəkət bacarıqları inkişaf etdikcə simptomlar adətən daha da qabarıq olur. Bəzi hallarda simptomlar doğuşdan dərhal sonra hiss olunur, digər hallarda isə zamanla simptomlar daha aydın müşahidə edilir.

Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Nevroloji Xəstəxanasının həkim-nevroloqu Ülkər Mürsəlovanın sözərinə görə, perinatal və natal dövrdə asfiksiya, aşağı çəki ilə doğulma, vaxtından əvvəl doğuş, xorioamnionit, doğum travması, postnatal dövrdə isə kəllədaxili qansızma, MSS infeksiyası, bilirubin ensefalopatiyası serebral iflici yaradan və ən çox rast gəlinən risk faktorlarındandır.

"Müayinə prosesi ilk növbədə serebral iflicin klinik əlamətlərini müəyyən etməkdən başlamalıdır. Başın dairəsi, psixi vəziyyət, əzələ tonusu və gücü, duruş, reflekslər və yeriş qiymətləndirilməlidir. Daha sonra qanın ümumi analizi, kranial KT və MRT və digər müayinə üsulları ilə diaqnoz qoyulmalıdır.

Antiepileptik preparatlar və ya əzələ sıxlığını azaldan dərmanlar funksional qabiliyyətləri yaxşılaşdırmaq üçün simptomatik müalicə zamanı istifadə edilə bilər".

Respublika Pediatriya Mərkəzi Uşaq Bərpa Mərkəzinin həkim-nevroloqu Təranə Seyidməmmədova bildirir ki, vaxtından əvvəl doğulmuş körpələr arasında serebral iflicə rastgəlmə tezliyi əhəmiyyətli dərəcədə yüksəkdir. Həkim qeyd edir ki, serebral iflicə oğlan uşaqlarında daha çox rast gəlinir.

"Serebral iflicin əlamətləri körpənin doğulduğu ilk ildə meydana çıxır. Uşağın əmməsində, udmasında çətinlik yaranır, həmçinin gözlərində çəplik ola bilir. Eyni zamanda, hərəkətlərdə müəyyən ləngimələr müşahidə olunur. Uşaq vaxtında başını saxlamır, çevrilmir, oturmur".

T.Seyidməmmədovanın sözlərinə görə, serebral iflicin müalicəsi əsasən reabilitasiyadan ibarət olur:

"Müalicə prosesində fizioterapiya, ortopedik köməkçi vasitələr, loqoped, psixoloq, xüsusi pedaqoqla məşğələlər və digər reabilitasiya üsullarından istifadə edilə bilər. Bütün müdaxilələr uşağın öyrənməsini, təhsilini, sosiallaşmasını yaxşılaşdırmaq üçün aparılır. Reabilitasiya və ortopedik dəstək olmadıqda serebral iflici olan uşağın vəziyyəti fiziki olaraq ağırlaşa bilir.

Dərman preparatları isə daha çox əzələ tonusunu sabitləşdirmək, epileptik tutmalar varsa, onları aradan qaldırmaq üçün istifadə olunur".

Uşaq Nevroloji Xəstəxanasının həkim-nevroloqu Ülkər Mürsəlova vurğulayır ki, serebral iflicin profilaktikası hamiləlik dövründən başlamalıdır:

"Hər bir gələcək ana düzgün qidalanma rejiminə əməl etməli, siqaret və digər zərərli maddələrdən uzaq durmalı, mütəmadi olaraq həkim nəzarətində olmalıdır. Uşaq doğulduqdan onun sarılığı təyin etmək, tərkibində ağır metallar olan maddələrdən istifadə etməmək, uşağı yoluxucu xəstəlikləri olan şəxslərdən uzaq tutmaq vacibdir".

Mütəxəssislər qeyd edir ki, serebral iflic həyat boyu sürən əlillik hesab edilir. Uşaq böyüdükcə deformasiyalar və oynaqlarda hərəkətsizlik arta bilir. Serebral iflici olan uşaqların 60% sərbəst yeriyir. Onların 10%-i köməkçi vasitələrlə yeriyir, 30%-i isə əlil arabasından istifadə edir.

Serebral iflici olan uşaqlarda hərəkət pozuntuları hissiyyat, qavrama, idrak, eşitmə, görmə, ünsiyyət və davranış pozulmaları, epilepsiya və ikincili sümük-əzələ sistemi problemləri ola bilər və bunların hər biri qalıcı olur.

Həkim-nevroloqlar vurğulayır ki, qadının hamiləlik dövründə müayinələrdən vaxtında keçməsi və həkimin bütün tövsiyələrinə əməl etməsi vacibdir. Bununla yanaşı, doğuş üsulunun düzgün seçilməsi və doğuşun düzgün idarə edilməsi də serebral iflicin qarşısının alınmasında əhəmiyyətli dərəcədə rol oynayan amillərdən hesab edilir.6

Ziya SƏCCAD

Oxşar xəbərlər

Son xəbərlər