QHT rəhbəri Nərgiz Muxtarovanın məhkəməsi başladı
Qeyri-hökumət təşkilatları nümayəndələrindən olan Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən QHT rəhbərinə qarşı ittiham aktı elan edilib.
İttihama görə, Nərgiz Muxtarova öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, müxtəlif layihələrlə bağlı sənədləri saxtalaşdırmaqla Şəhla İsmayıl ("Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri-red.) və qeyriləri ilə cinayət əlaqəsinə girərək ABŞ-da yerləşən müxtəlif fondlardan ümumilikdə 150 min manatdan çox pul əldə edərək leqallaşdırıb.
Nərgiz Muxtarova elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmə baxış iclası dekabrın 15-nə təyin edilib.
Qeyd edək ki, iş üzrə təqsirləndirilən Nərgiz Muxtarova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
Oxşar xəbərlər
Cinayətkar qrupun rəhbərinə səkkiz il cəza istənildi
"Yeni İctimai Nəzarət Şurası"nın sədri Ramil Şükürov, həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini Koroğlu İbrahimov, tanışı Diləfruz Mustafayeva...