Həyat yoldaşı 12 yaş böyük olan xanım: "Kiçik olduğum üçün evimizdə toy da olmadı"

"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki qəhrəmanı tovuzlu Lətifə Abdiyeva olub.
15 yaşında ailə qurduğunu söyləyən Lətifə Abdiyeva bildirib ki, həyat yoldaşı ondan 12 yaş böyük olub:
"Evləndiyim adam qohum idi. Yaşım az olduğu üçün evimizdə toy da olmadı. Məktəbi yarımçıq qoyaraq ərə getdim, evlənəndə isə çox çətinliklərlə qarşılaşdım. Sonradan tez ailə qurmağın yanlış olduğunu başa düşdüm. İnsan qarşıda onu nələrin gözlədiyini düşünməlidir. Gənclərə tövsiyəm odur ki, tez evlənməsinlər".
Qayınanasının tələbkar olduğunu deyən L.Abdiyeva onunla yaşadığı çətinliklərdən bəhs edib:
"Qayınanam çox hökmlü idi, uşaq olduğumu nəzərə almırdı. Tələb etdiyi işləri görsəm də, məndən razı qalmırdı. İki il onunla yaşadıq, sonra yoldaşım Bakıdan ev aldı, bura köçdük. Qayınanamla yaşayanda günüm qara idi. Bakıya köçəndən sonra isə oxudum, işə düzəldim, həm də uşaqlarımı böyütdüm. Üç övladım olub, onlardan biri dünyasını dəyişib".
L.Abdiyeva dostluq münasibətlərindən də danışıb.
"O vaxtlar dostluq münasibətləri çox güclü idi. Elə insanlar var idi ki, 30 il bir-biriləri ilə dostluq edirdilər. İndiki dövrdə isə adamlara etibar etmək olmur. Əvvəllər boşanmalar da az idi. Evdə söz-söhbət olsa da, ər və arvad boşanmağa risk etmirdi", - deyə o, sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Ağ və qəhvəyi yumurtalar arasında fərq varmı? – Alimlərin izahı
Bəzi insanlar ağ və qəhvəyi yumurtaların tərkibindəki qida maddələrinin fərqli olduğunu düşünür. Lakin alimlər bu inancın doğru olmadığını bildirirlər. BAKU.WS...
