Əndazəni aşan vida tədbiri - "Son zəng" neçəyə başa gəlir?

Əndazəni aşan vida tədbiri - Son zəng neçəyə başa gəlir?
Foto
Digər 56

"Son zəng"ə sayılı günlər qalır. Hər il olduğu kimi, bu il də məzunlar son dəfə məktəb həyətində toplaşmağa, müəllimləri ilə vidalaşmağa hazırlaşırlar. Ancaq axır illər "Son zəng" təkcə duyğusal deyil, həm də xərc baxımından ən çox müzakirə olunan tədbirlərdən birinə çevrilib.

Əgər bir zamanlar məzunlar qara şalvar, ağ köynək, qara ətək və bir neçə şəkillə kifayətlənirdisə, bu gün siyahı daha uzundur: xüsusi geyim, foto və video çəkilişi, rəqslər, məzun albomu, restoranda qala gecə və müxtəlif əyləncələr. Nəticədə bir çox valideyn üçün "Son zəng" həm də əlavə məsrəf deməkdir.

Maraqlıdır, "Son zəng"də bir şagird üçün valideynlərin ortalama nə qədər xərci çıxır?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Aylar öncə başlayan hazırlıq

Bu tədbirə hazırlıq aylar öncə başlayır. Şagirdlər geyim seçir, rəqs məşqlərinə qatılır, məzun albomları hazırlanır, foto və video çəkilişləri təşkil olunur. Bəzi məktəblərdə əlavə olaraq restoran proqramları, gəzintilər və əyləncə tədbirləri də planlaşdırılır. Valideynlərin sözlərinə görə, ən böyük xərc geyimlə bağlı olur. Xüsusilə qızlar üçün paltar, ayaqqabı, saç və makiyaj xidmətləri əlavə məbləğ tələb edir. Oğlanlar üçün isə kostyum, köynək və ayaqqabı xərcləri yaranır. Orta hesabla bir məzunun geyimi minimum 130-150 manat arasında dəyişir.

"Son zəng" tədbirlərinin bədii hissəsi də əlavə maliyyə yükü yaradan əsas məqamlardan biridir. Restoran və ya xüsusi tədbir məkanlarında təşkil olunan məzun gecələrinin qiyməti adambaşına minimum 80 manatdan başlayır.

Bununla yanaşı, foto və video çəkilişləri, sinif albomları, bəzək işləri və digər təşkilati məsələlər üçün də vəsait toplanır. Məzun albomu və xatirə çəkilişləri ilə bağlı qiymətlər seçilən paketdən, çəkilişin formatından və məzunların sayından asılı olaraq dəyişir. Hazırda məzun albomu çəkilişlərinin qiyməti adambaşına təxminən 45-120 manat arasındadır. Bu paketlərə studiya çəkilişləri ilə yanaşı açıq havada həyata keçirilən fotosessiyalar da daxil edilir. Bütün bu xərclər toplandıqda, bir məzun üçün valideynlərin çəkdiyi orta xərc təxminən 350-450 manat arasında dəyişir. Lakin bəzi hallarda xüsusi dekorasiyalar, rəqs hazırlıqları, nəqliyyat xidmətləri və digər təşkilati məsələlər nəzərə alındıqda bu rəqəm daha da yüksələ bilir.

Məzunların xüsusi rəqs nömrələri

Rəqs müəllimi İftixar Rəsulovun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il məzunlar "Son zəng" proqramlarında milli rəqslərə daha çox maraq göstərirlər. Məzunların bildirdiyinə əsasən, məktəb direktorları "Son zəng" proqramlarında milli dəyərləri əks etdirən rəqslərin yer alması ilə bağlı təlimat veriblər.

Rəqs müəllimi qeyd edib ki, adətən tədbir üçün hər sinfə iki rəqs nömrəsi hazırlanır. Bunlardan biri daha çox klassik vals, digəri isə milli və ya müasir üslubda olur. Hazırlıq prosesi isə tədbirdən təxminən iki ay əvvəl başlayır. Bu müddət ərzində şagirdlər həftədə bir neçə dəfə məşqlərə qatılır, çıxışların quruluşu hazırlanır və proqram "Son zəng" gününə qədər təkmilləşdirilir.

İ.Rəsulovun sözlərinə görə, rəqs hazırlıqlarının qiyməti müəllimin təcrübəsindən, məşqlərin sayından və proqramın mürəkkəbliyindən asılı olaraq dəyişir. Hazırda bir məzun üçün ödəniş məbləği orta hesabla 25-50 manat arasında dəyişir. Bəzi hallarda əlavə məşqlər və xüsusi səhnə quruluşları qiymətin daha yüksək olmasına səbəb ola bilir.

Dəbdəbəli tədbirlər məqsədəuyğun sayılmır

Təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, ümumtəhsil məktəblərində keçirilən "Son zəng" tədbirləri məktəb rəhbərliyinin və müəllimlərin nəzarəti altında təşkil olunmalıdır. Onun sözlərinə görə, tədbirin həm rəsmi, həm də bədii hissəsi əvvəlcədən hazırlanmış ssenari əsasında həyata keçirilməlidir.

Ekspert dəbdəbəli və həddindən artıq xərc tələb edən tədbirlərin tərəfdarı olmadığını da qeyd edib. O hesab edir ki, sadə və səmimi şəkildə təşkil olunan tədbirlər daha məqsədəuyğundur:

"Son zəng hər bir məzunun həyatında mühüm xatirədir. Şagird 11 il təhsil aldığı məktəblə, müəllimləri və sinif yoldaşları ilə vidalaşır. Buna görə də həmin günün yaddaqalan şəkildə qeyd olunması tamamilə təbiidir. Foto çəkilişləri, xatirə tədbirləri və müxtəlif proqramlar dünyanın bir çox ölkələrində mövcud olan ənənələrdir. Bu cür tədbirlərə tam qadağa qoymaq düzgün deyil. Müəyyən məhdudiyyətlər tətbiq olunsa belə, şagirdlər tədbirləri başqa məkanlarda təşkil etməyə çalışa bilərlər ki, bu da daha ciddi problemlərə səbəb ola bilər. Buna görə də prosesin məktəb rəhbərliyi və müəllimlərin nəzarəti altında həyata keçirilməsi daha doğru yanaşmadır".

Valideynlərin üzərinə düşən məsuliyyət

Sosioloq Mail Yaqubun fikrincə, "Son zəng" tədbirləri artıq mahiyyətindən uzaqlaşaraq bəzi hallarda həddindən artıq dəbdəbəli və təmtəraqlı xarakter almağa başlayıb. Onun sözlərinə görə, bu tendensiya ailə büdcələrinə ciddi maliyyə yükü yaradır. Sosioloq hesab edir ki, belə halların qarşısını inzibati qadağalarla almaq mümkün deyil və burada əsas məsuliyyət valideynlərin üzərinə düşür:

"Valideynlər övladları ilə söhbət aparmalı, onlara izah etməlidirlər ki, bu qədər xərc çəkmək və israfçılığa yol vermək əslində heç bir məna daşımır. Məktəblilər yaş etibarilə bunun iqtisadi və sosial tərəflərini tam dərk etməyə bilərlər. Məhz buna görə də valideynlərin maarifləndirici rolu böyük əhəmiyyət daşıyır".

M.Yaqub vurğulayıb ki, "Son zəng" tədbirlərinin məktəblər arasında bir növ yarışa çevrilməsi düzgün yanaşma deyil. Onun fikrincə, hansısa məktəbin və ya sinfin daha təmtəraqlı tədbir keçirməsi digərlərinin də eyni yolu seçməsinə səbəb olmamalıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər