Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb
Bakıda birlikdə kirayədə yaşadığı şəxsi qətlə yetirməkdə və meyitini hissələrə ayıraraq müxtəlif ərazilərə atmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Şahid H.S. təqsirləndirilən şəxsləri tanıdığını, 2015-ci ildən onlarla birlikdə kirayədə yaşadığını bildirib:
"İsgəndər (qətlə yetirilən şəxs - red.) çox nizamlı insan idi. Səliqəyə və təmizliyə xüsusi önəm verirdi. Buna görə də Fazillə arasında otağın yığışdırılması üstündə tez-tez mübahisələr yaranırdı. Hadisə günü mən rayonda idim, axşamtərəfi Bakıya qayıtdım. Rayona gedəcəyimi otaq yoldaşlarıma bir neçə gün əvvəl demişdim. Yolda olarkən Fazil mənə zəng edib nə vaxt gələcəyimi soruşdu. Qarnının bərk ağrıdığını, sancılandığını dedi və gələndə ona dərman almağımı istədi".
Şahidin sözlərinə görə, yaşadığı ünvana qayıdanda ev sahibəsi ona Fazilin səhər tezdən böyük torbalarla evdən çıxdığını deyib:
"Otağa girəndə heç bir qoxu hiss etmədim. Ətrafa baxanda İsgəndərin çantasının yerində olmadığını gördüm. Fazil evə gec gəldi. Gəlib yerində uzandı, telefonuna baxmağa başladı. İsgəndərin harada olduğunu soruşdum. Dedi ki, qardaşı xəsarət alıb, ona görə rayona gedib".
Şahid daha sonra mərhumun adından ona mesaj göndərildiyini bildirib:
"Səhər işdə olarkən İsgəndərin adından mənə mesaj gəldi. Yazılmışdı ki, evdən çıxır, bunu ev sahibəsinə xəbər verim. Sonra maaşını alıb ona göndərməyimi istədi. Mən də pulu alıb karta göndərdim. Sonradan istintaq zamanı həmin mesajları Fazilin yazdığını öyrəndim. İsgəndərin öldürüldüyünü isə polisə çağırılanda bildim".
Məhkəmədə ifadə verən digər şahid A.A. da təqsirləndirilən şəxslərlə birlikdə kirayədə yaşadığını deyib:
"Biz ay yarım bir yerdə kirayədə qalmışıq. Fazillə İsgəndər arasında həmişə evin təmizliyi üstündə mübahisə olurdu. Bəzən onların otağından söyüş və dava səsləri eşidirdim. Hadisə günü işdən axşam saat 9-10 radələrində evə qayıtmışdım".
Məhkəmənin növbəti iclası noyabrın 18-i saat 14:30-a təyin olunub.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də paytaxtın Nəsimi rayonunda 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İstintaq materiallarına əsasən, avqustun 4-də gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abbasovun qabaqcadan əlbir olaraq tamah məqsədilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatdığı zaman qətlə yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
İttihama görə, bundan sonra Fazil Feyzullayev cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayıraraq sellofan paketlərə yığıb, Ağsu rayonuna apararaq müxtəlif yerlərə atıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanılıb.
Fazil Feyzullayev və Ülvi Abbasov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb
"Qarabağ İtkin Ailələri" İctimai Birliyinin nümayəndələri itkin düşənlərin doğmalarının və yaxınlarının səsini Avropaya çatdırmaq üçün Brüsselə səfər ediblər. B...