Buraxılış imtahanında 300 bal toplayan şagirdlər DANIŞDILAR

Buraxılış imtahanında 300 bal toplayan şagirdlər DANIŞDILAR
Foto
Digər 450

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayanlar sırasında yer alan abituriyentlərdən biri də 138 saylı tam orta məktəbin şagirdi Nuray Cəlal qızı Sadıqzadədir.

BAKU.WS xəbər verir ki, Oxu.Az əməkdaşı Nuray Sadıqzadə ilə həmsöhbət olub.

O, imtahanda yüksək nəticə gözlədiyini qeyd edib:

"İmtahanda özümdən yüksək nəticə gözləyirdim, amma 300 bal mənim üçün gözlənilməz oldu. Sınaqlarda da yüksək nəticələr yığırdım. 1-ci sinifdən bu vaxta qədər hər zaman çox məsuliyyətli və çalışqan şagird olmuşam. Qiymətlərim hər zaman 5 olub".

Nuray Sadıqzadə Türkiyənin qabaqcıl universitetlərinin birində tibb təhsili almaq istəyir və bu sahə üzrə hazırlaşır.

Boş vaxtlarında rəsm çəkməyi sevən Nuray Sadıqzadənin gələcəklə bağlı çox sayda planları var:

"Yaxşı tibb təhsili alib, ölkəmdə işləyib, millətimə yararlı bir övlad olmaq istəyirəm".

İmtahanda yüksək nəticə göstərənlərdən biri də 204 saylı orta məktəbin şagirdi Müzəffər Qədir oğlu Qoşqarovdur.

Müzəffər Qoşqarov bildirib ki, o yüksək bal toplamağın sirrinin davamlı, əzmlə çalışmaq, iradəli olmaq, özünə və Allaha inanmaqda görür:

"290+ nəticə yığacağıma inanırdım, lakin hədəfim 300 bal idi. Yüksək nəticə əldə etmək üçün daim səhvlər üzərində çalışmaq, vaxtı düzgün bölüb gün içərisində istirahət etmək, həmçinin sağlamlığa fikir vermək lazımdır. Mənim məktəb nəticələrim ibtidai sinifdən yaxşı olub. 10-cu sinifdən isə daha yaxşı çalışmışam".

Müzəffər Qoşqarov yüksək nəticə göstərmək istəyən şagirdlər üçün öz tövsiyələrini verib:

"Məktəb dərslərinə xüsusi diqqət yetirmək lazımdır. Çünki məktəbin rolu yüksək nəticə üçün danılmazdır. Heç vaxt testlərdə etdikləri səhvlərdən məyus olmasınlar və səhvlərin üzərində çalışsınlar.Bunları etməklə yüksək nailiyyət əldə etmək mümkündür".

Oxşar xəbərlər

Son xəbərlər