VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Jenu" jurnalı yeni koronavirus infeksiyasının yayılmağa başladığı Uhan şəhərindəki Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin müdirinin məqaləsini dərc edib.

BAKU.WS xəbər verir ki, məqalədə çinli həkim klinika rəhbərliyinin yeni xəstəlik barədə məlumat yayılmasının necə qarşısını almasından, daha sonra bunun hansı nəticələrə səbəb olmasından danışıb.

Tərcümə olunan məqalənin internetdən çıxarıldığı və müəllif Ay Fenin isə saxlanıldığı iddia olunur.

18 dekabr 2019-cu ildə Uhan Mərkəzi Xəstəxanasına qeyri-adi tənəffüs infeksiyası olan 65 yaşlı bir kişi müraciət etmişdi. O, bir neçə gün idi xəstələnmişdi, yerli klinikaya da müraciət etmiş və ona antibiotik atması tövsiyə olunmuşdu. Ancaq dərmanlar kömək etmirdi, temperatur yüksək olaraq qalır və nəticə vermirdi. Ona bronkoskopiya, kompüter tomoqrafiyası olundu və ağciyərlərdən çıxan maye nümunəsi üçün analizə göndərildi.

Qəbul şöbəsinin müdiri olan Ay Fen hesab edir ki, müayinə etdiyi şəxs yeni koronavirus infeksiyası olan ilk xəstə olub. Xəstəlikdən əvvəl kişi Uhanda yerləşən Huanan dəniz məhsulları bazarında işləyirdi. Həmin bazarda ekzotik heyvanlar, o cümlədən yarasalar (koronavirusun daşıyıcıları) satılırdı.

Həmin vaxt bu barədə heç kim məlumatlı deyildi. Paralel Uhanda naməlum mənşəli ağır ciyər sətəlcəm xəstəliyinə tutulan bir neçə hal də qeydə alınmışdı ​​və bunun nə olması heç kimə məlum deyildi.

Dekabrın 27-də eyni simptomları olan ikinci bir xəstə Uhan Mərkəzi Xəstəxanasına köçürüldü. Birincidən 20 yaş kiçik idi, xroniki xəstəliklərdən əziyyət çəkməsə də, ancaq daha ağır vəziyyətdə idi. Buna qədər o, Uhandakı digər xəstəxanada 9 gün müalicə alsa da, vəziyyəti normallaşmamışdı. Xəstə qəbul şöbəsinə gətirildikdə onun qanı oksigenlə yalnız 90% doymuşdu, vəziyyəti heç də yaxşı deyildi.

Üç gün sonra Ay Fen ikinci xəstənin analizlərinin nəticələrini alır. Ağciyərlərdə aşkar olunan patogenlərin siyahısı belə olur: müxtəlif tənəffüs bakteriyalarının bir neçə koloniyası, pseudomonas aeruginosa və SARS koronavirus.

Çinli həkim deyir ki, siyahını soyuq tər içində oxuyurmuş. SARS koronavirusu 2003-cü ildə ağır xəstəliyin yayılmasının səbəbi olub. Buna yoluxmuşlar arasında ölüm 9 faizə çatmış, 50 yaşdan yuxarı xəstələr arasında isə iki nəfərdən biri ölmüşdü.

Bundan sonra həkim dərhal xəstəxana rəhbərliyinə məlumat verib və analiz nəticələrinin fotoşəkilini başqa bir klinikadan olan tanış həkimə göndərib. Bir neçə saatdan sonra şəkil "WeChat"dakı tibbi qruplara yayılıb. Tezliklə ağır sətəlcəmin yeni növünün yayılması barədə şayiələr adi internet istifadəçiləri tərəfindən müzakirə olunmağa başlayıb.

Həmin axşam Ay Fenə işlədiyi xəstəxananın rəhbərlərindən bir neçə mesaj daxil olub. Ona yeni xəstəlik barədə məlumatların yayılmaması barədə xəbərdarlıq edilib və itaətsizlik halında məsuliyyət daşıyacağı deyilib.

"Mən bütün gecə yuxuya gedə bilmədim, narahat oldum və baş verənlər barədə düşündüm. Mənə elə gəldi ki, hər şeyin iki tərəfi var. Hərəkətlərim bəzi mənfi nəticələrə səbəb olsa da, Uhan həkimlərinə ehtiyatlı olmaq barədə xəbərdarlıqda səhv bir şey yoxdur", - deyə çinli həkim vurğulayıb.

Ertəsi gün səhər Ay Fen xəstəxananın intizam komissiyasına çağırılıb və sərt şəkildə töhmət alıb. Məsuliyyəti üzərinə götürsə də, şəkli "WeChat"da müzakirə edən daha səkkiz həkim cəzalandırılır. Onlardan biri də Uhan Mərkəzi Xəstəxanasında işləyən oftalmoloq Li Venliang olub.

Növbəti gün Çin rəsmiləri Uhanda naməlum mənşəli bir neçə sətəlcəm xəstəliyinin aşkarlanması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verirlər. Bu problemin mövcud olması barədə ilk rəsmi etiraf olur. Yeni xəstəliyin hələ bir adı yox idi və heç kim bunun necə ötürüldüyünü və təhlükəli olduğunu tam əminliklə söyləyə bilmirdi.

Xəstəlik bundan sonra həkimlərin özlərinə də keçdi. Yanvar və fevral aylarında Mərkəzi Xəstəxananın 200-dən çox işçisi virusa yoluxdu. Mart ayının ortalarında bəzilərinin vəziyyəti ağır olaraq qaldı, dörd nəfər - o cümlədən, şayiə yaymamaq üçün polisə çağırılan oftalmoloq Li Venlianq da həyatını itirdi.

Yanvar ayının sonunda xəstəxananın rəhbərləri - yeni koronavirus infeksiyası haqqında məlumat yayılmasının qarşısını alan insanlar belə epidemiyaya yoluxdular.

"Əgər bundan sonra nə olacağını bilsəydim, töhmətlərinə tüpürərdim. Bunu gördüyüm hər kəsə məlumat verərdim ki, dəhşətli xəstəlik yayılır", - deyə çinli həkim bildirib.

Rəsmi statistikaya görə, 2019-cu ilin dekabrından Çin Xalq Respublikasının materik hissəsində koronavirusa yoluxanların sayı 81,5 mindən çox təşkil edib, ölkədə 3,3 mindən çox insan ölüb. Çin Xalq Respublikasının Dövlət Şurası yeni koronavirus pandemiyası qurbanları və onları xilas edərkən öz həyatını qurban vermiş həkimlərin xatirəsi ilə bağlı aprelin 4-nün bütün ölkədə ümummilli matəm günü elan olunması barədə qərar qəbul edib.

Orxan Hüseyn
BAKU.WS