"Virus prinsipcə təmasla ötürülür. İndiyə qədər olan tədqiqatlar göstərib ki, təmasla onun ötürülməsi yolu heç də çox geniş deyil. Ən çox ötürülmə yolu məhz hava damcı yoluyladır".

Bunu BAKU.WS-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

Nazirliyin rəsmisi həmçinin deyib ki, təmasla ötürülmə də mümkündür: "Biz həmişə deyirik ki, hansısa səthlərə əgər bir insan asqırdıqdan və ya öskürdükdən sonra virus olan damcılar düşərsə, eyni zamanda koronavirusa yoluxmuş şəxs ağzını, burnunu sildikdən sonra əllərini yumadan paltarına vurarsa, bu zaman onun paltarını geyinən şəxs əllərini o paltara vurarsa, orada həmin hissəciklər olarsa, sonradan əlləri ilə ağız, burun və gözlərinə toxunarsa, əlbəttə ki, yoluxma ehtimalı var. Bu ehtimal çox azdır, amma var. Bu səbəbdən daim çalışmaq lazımdır ki, əllərin gigiyenasına əməl olunsun. Xüsusilə tibb işçiləri, koronaviruslu xəstələr və ya şübəli olan insanlarla təmasda olan bütün qurumların əməkdaşları işdə geyindikləri paltarı orada dəyişsinlər, ya da o paltarla evə gələcəklərsə, dərhal o paltarı evdə digər yerdən assınlar ki, ailə üzvləri ona toxunmasın".

Orxan Hüseyn
BAKU.WS