Bu qaydalara əməl etdikdə koronavirus qorxulu deyil - Əhaliyə tövsiyələr
Koronaviruslar (latınca – Coronaviridae) genomu birzəncirli RNT-dən ibarət viruslar ailəsi olub 40 növə malikdir.
Koronavirus zoonotoic (heyvandan keçən) virus olub məməlilərdə və quşlarda xəstəlik törədir və insanlara da heyvanlardan keçdiyi məlumdur.
BAKU.WS xəbər verir ki, bu barədə azərbaycanlı mütəxəssis Adil Qeybulla bildirib.
Ekspert deyir ki, xəstəliyin əlamətləri kəskin respirator virus infeksiyaları üçün xarakterikdir:
“Xəstəlik qızdırma, öskürək, təngnəfəsliklə başlayır, getdikcə ağır virus pnevmoniyası inkişaf edir. Bəzi hallarda xəstəli böyrək çatmazlığı ilə müşayiət edilir”.
SARS-CoV-2 2019-cu ilin dekabrında aşkar edilmiş və indiyədək davam edən yeni tip pnevmoniya pandemiyası törədən növdür. Bu növ böyüklərdə daha çox ölüm halı törədir, uşaqlarda ölüm halı isə qripdə olduğu kimidir.
Çin mütəxəssislərinin apardığı tədqiqatlar göstərir ki, koronavirusa yoluxmuş uşaqlarda COVID-19 zəif simptomlarla özünü göstərib.
Həm də yoluxmuş uşaqlarda müvafiq simptomlar olmadığından koronavirusu gizli yayanlar rolunda olmuşlar.
Çində müayinə olunan 15 yaşa qədər olan 745 uşaqdan yalnız 10-da (1.3%) koronavirus aşkar edilib. Heç birində ağır simptomlar qeydə alınmamışdır. 7 nəfər uşaqda sadəcə hərarət 39°C-yə qədər yüksəlmiş, bir sıra hallarda boğazda ağrılar, öskürək, burun tutulması qeydə alınsa da, uşaqlarda böyüklərdə rast gəlinən əzələ və baş ağrıları, rentgenoqrafiyada pnevmoniyaya təsadüf edilməyib.
Bununla yanaşı, həmin uşaqlar uzun müddət digər uşaqları da yoluxdurmağa qadir olmuşlar. Onların burun və boğaz yaxmalarında koronavirus tapılmasa da, xəstəxanadan yazılandan 13 gün sonra belə nəcisdə virus tapılmaqda davam edib.
Lakin virusun hazırkı ştamı xarici mühitdə davamsızdır. Virusun kapsidində S-zülallardan ibarət tacın olması onun açıq sahədə yaşam şansını aşağı endirir.
Çünki sərbəst oksigen və digər oksidləşdiricilər S-zülalları denaturasiya edərək virusu zədələyir. Dehidratasiya (susuzlaşma) da virusu güclü zədələyən amillərdən biridir.
Xarici mühitdə virus +33°С dərəcədə 16 saat müddətində, +56°С isə 10 dəqiqədə fəallığını itirir. Virus metal səthdə 12 saat, parçada 6-12 saat, aerozolda 8-10 saat, suda 9 saat qala bilir.
Laboratoriya şəraitində koronaviruslar liofilizasiya olunmuş (yumşaq qurudub vakuum kameraya salmaq) halda (+4 °С)-də, dondurulmuş vəziyyətdə (−70 °С)-də infeksion fəallığını bir neçə il saxlaya bilir.
Göstərilən xəritəyə diqqət etsəniz, istər 2002-ci ilin noyabrında aşkar edilən SARS-CoV, istərsə də 2020-ci ilin dekabrında baş verən COVID-19 infeksiya ocağı təxminən Çinin şərqində baş vermişdir.
Birinci 2003-cü ilin iyununda son xəstələnmə halı qeydə alınmışdır. 2020-ci il pandemiyasının bu ilin yayında sönməsi gözləniləndir.
Pandemiyadan həmçinin xəstələnmə və ölüm sayının dünya üzrə indikindən xeyli artacağı proqnozlaşdırılır.
Bu gün dünya üzrə 174.786 xəstə qeydə alınmış, onlardan 77.657 nəfər sağalmış, 6.705 nəfər dünyasını dəyişib. Yəni xəstələnənlərin 50 faizi sağalıb, yalnız 4%-ə qədəri ölüb.
Sevindirici hal odur ki, virus uşaqları xüsusi təhdid etmir. Ona görə də panikaya düşməyin, sadəcə rejimə və Ümumdünya Səhiyyə təşkilatının tövsiyələrinə riayət edin”, - deyə Adil Qeybulla bildirib.
Mütəxəssis əhaliyə hansı qaydalara əməl etməyi də əlavə edib:
Əhaliyə tövsiyələr:Karantin qaydalarına ciddi əməl etməklə tövsiyə edilir:
1. Əllərin, ağız və burun boşluqlarının gigiyenasına xüsusi diqqət edin. Əlləri tez-tez, isti su altında, sabunla yaxşı yuyun (xüsusilə qida qəbulundan öncə və sonra).
Bu virusun dərinin yağ qatı ilə birgə dəridən mexaniki yolla silinib getməsinə gətirib çıxarır. Bu üsul ən əlçatan effektiv üsuldur.
Dezinfeksiyaedici məhlullardan yalnız 80%-dən yuxarı etanol (etil spirti) əsaslı olan məhlullardan istifadə edin.
Əllərin spirt tərkibli antiseptiklərlə işlənməsi 30 saniyədən (80-85%-li etil spirti əsaslı gellər, məhlullar) 2 dəqiqəyə qədər (70%-li etil spirti, 1%-li xlorheksidin məhlulu) virusu zədələyir və sıradan çıxarır. ÜST məhz onların tətbiqini tövsiyə edir.
2. Boğazı isti su ilə tez-tez qarqara edin (1%-li xlorqeksidin məhlulu və ya limon qatılsa effektli olar). Boğazı qıcıqlanan şəxslər bunu daha çox etsinlər.
3. Xəstə adamlar asqıranda və öskürəndə əmələ gələn hava-damcı aerozolu 1 metr radiusdan böyük məsafəyə yayılmaq imkanına malik deyildir.
Maskalar nəfəs buxarından tez islandığından və bu səbəbdən virusu içəri drenaj edə biləcəyindən az effektli sayılır.
Əksinə, maskalar xəstə adamlara lazımdır ki, onların ağız-burun aerozolunun havaya atılmasını əngəlləsin. Yalnız maska-respirator 95 və FFP (Filtering Face Piece) tipli maskalardan FFR-3 daha effektivdir. Nəzərə alın ki, virus gözün selik qişasından da insana keçə bilər.
Xüsusi eynəklər olmasa, hətta effektiv maskalar da tam təminatlı deyil. Maskaları yuyub ütüləmək, təkrar istifadə etmək olmaz.
4. Passivləşməyin, fiziki fəallığı artırın, idmanla məşğul olun. Bu yolla sərbəst radikallar bədəndən xaric olur, immun sistem güclənir, ağ ciyərlərin ekskursiyası və ventilyasiyası artır, durğunluq azalır, bəlğəmlə bronxdaxili hissəciklər, o cümlədən virus və bakteriyalar xaric olur.
5. Karantin şərtlərinin imkan verdiyi qədər açıq havada gəzin, evin havasını dəyişin.
6. Kalorili qidalanın. Proteinli qidalar (təzə ət) və meyvə-tərəvəz (axar su altında yaxşı yumaq şərtilə) istifadə edin.
7. Yaxşı yatın, stresdən uzaq durun, vitamin D balansını doldurun, əks-göstərişi olmayanlar (bəzi anemiyallı xəstələr) vitamin C 500 mg-a qədər 7 gün müddətində gündəlik qəbul edə bilərlər.
8. Xəstəxanalarda boş kabinetləri Kvars lampalı ultrabənövşəyi şüalarla dezinfeksiya etmək tövsiyə edilir”.
Oxşar xəbərlər
Koronavirus düşünüldüyü qədər təhlükəli deyilmiş - TƏHLİL
Dünyanı təşvişə salan koronavirusun düşünüldüyü qədər təhlükəli olmadığı bəlli olub. Sağlam və immuniteti möhkəm olanlar bu virusa yoluxsalar belə, xəstəliyi yü...