Son günlərdə statistikaya nəzər salsaq, görərik ki, Azərbaycanda koronavirus infeksiyasından sağalanların sayı artıb. Sonuncu statiskada daha 453 nəfər "COVİD-19" virusundan müalicə olunaraq sağalıb və evə buraxılıb.

Xəstəliyin ağır günlərini geridə qoyanların bizə dedikləri ilk cümlələr belə olur: "Hələ də bəzi insanlar buna barmaqarası baxır, yalan deyil, biz bunu yaşadıq, hər gün boğulurduq".

Bu gün bu cümlələri işlədənlərdən biri də Nərminə Əhmədovadır. 15 gün idi ki, xəstəliklə mübarizə aparırdı. Yüksək hərarətlə xəstəxanaya yerləşdirilən Nərminə xanım 15 gün ərzində həm də süni tənəffüs aparatına qoşulub. İndi isə verdiyi bütün analizlərinin cavabı təmiz çıxıb.

Xəstəlikdən sağalan Alimə Aşurova isə xəstəxanaya gəldiyi ilk günlərdə vəziyyətinin heç də yaxşı olmadığını bildirdi. Bədənindəki ağrılardan çox əziyyət çəkib. Özü deyir ki, "psixoloji təsir edirdi, elə bilirdim ki, öləcəm, amma minnətdaram həkimlərimizə ki, onlar məni xilas etdilər. Həm bu fikirlərdən, həm də xəstəlikdən..."

Ələmdar İsgəndərov da xəstəliklə mübarizə aparanlardan biridi. O da artıq bu gün analizlərinin təmiz çıxmasının ardından sevinə-sevinə evinə getdi. 17 gün xəstəxanada müalicə alıb. Öskürək və qızdırma ilə xəstəxanaya müraciət edib. Ələmdar İsgəndərov da 17 gün ərzində hansı proseslərdən keçdiyini bizimlə bölüşdü.

Qeyd edək ki, koronavirus xəstələrinin müalicəsini daha yaxşı təmin etmək üçün ölkədə mövcud olan xəstəxanalar daha da təkmilləşdirilib, bundan əlavə, yeni modul tipli xəstəxanalar da istifadəyə verilib.

BAKU.WS
VİDEO