SİZİN REKLAM BURADA!
055 213 76 73


Heç kimə sirr deyil ki, koronavirus bir sıra ölkələrdə yenidən kütləvi vüsət almağa başlayıb. Karantin tədbirlərini yumşaltmış bir sıra ölkələrdə yenidən sərt tədbirlər görülməsinə başlanılıb.

BAKU.WS xəbər verir ki, Azərbaycanda da çox təəssüf ki, vəziyyət ürəkaçan deyil.

Dünən Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8  nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə indiyədək koronavirus infeksiyasının aşkarlanması məqsədilə 475525 test keçirilib. Son sutkada 6558 belə test olub. Koronavirusa yoluxma sayına görə Bakı, Gəncə və Qazax lider mövqelərdədir.

Bəs necə oldu ki, bizdə vəziyyət bu qədər pisləşdi?

Məlum məsələ idi ki, bu virusun yayılmasının qarşısını tam almaq mümkün deyil. Lakin buna baxmayaraq, Azərbaycan hələ Çində virus yenicə yayılmağa başlayanda gördüyü qabaqlayıcı tədbirlər sayəsində kütləvi yoluxmanın qarşısını ala bildi. Bundan başqa karantin tədbirləri sayəsində virusun gündəlik yoluxma sayı 20-30-lara qədər enmişdi. İqtisadi və sosial faktorlar nəzərə alınaraq hökumət karantin tədbirlərinin mərhələli şəkildə yumşaldılmasına dair göstərişlər verdi. Əhali isə bundan sui-istifadə edərək Operativ Qərargah tərəfindən verilən göstərişlərə əməl etmədi. Bunun da nəticəsində artıq gündəlik yoluxma sayı 600-ə qədər çatdı.

Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün yenidən sərt karantin tədbirlərinin görülməsinə zərurət yarandı. Yoluxmanın daha çox olduğu şəhər və rayonlarda artıq 21 iyundan etibarən karantin rejimi tətbiq edilir. Məhz bunun sayəsində yoluxmanın artım tempi dayandı. İndi gündəlik 500-550 arasında yoluxma müşahidə edilir. Qarşıdakı günlərdə bu rəqəmin nisbətən daha aşağı enəcəyi gözlənilir.

Lakin vəziyyəti qorumaq üçün karantin rejiminin gücləndirilməsinə, hətta genişləndirilməsinə zərurət yaranıb. Bu zərurət isə mövcud duruma görə ortaya çıxıb.

Nə qədər maarifləndirmə tədbirləri görülsə də hələ bu virusa inanmayıb maarifləndirmənin əleyhinə sosial təbliğat aparan, qaydaların pozulmasına təşviq edən bir çox insan var. Onlar nəinki özlərini qorumur, hətta başqalarının da həyatını təhlükəyə atırlar.

Hökumət inzibati tədbirləri də gücləndirir ki, bəlkə, insanlar daha məsuliyyətli olalar. Karantin qaydalarının pozulmasına görə cərimələr də iki dəfə qaldırılsa da, yenə də hər gün yüzlərlə insan qaydaları pozmağa davam edir. Bu faktlar daha sərt tədbirlərin görülməsinə zərurət yaradır. Burada məsələ təkcə 3-5 nəfər məsuliyyətsiz hərəkət edən insanın həyatını deyil, ümumilikdə minlərlə insanın həyatını qorumaqla bağlıdır. Vəziyyət daha da gərginləşərsə, bugünkü rəqəmlər bir neçə dəfə arta bilər.

Əvvəl bir çoxu deyirdi ki, “yoluxanlardan niyə bir nəfəri tanımırıq?”, “niyə bir nəfərin adını açıqlamırlar?”. Çox təəssüf ki, indi bu virus - gözəgörünməz düşmən qapımıza qədər gəlib dayanıb. Artıq, demək olar ki, hər kəs bu virusa yoluxan bir dostunu, qohumunu, yaxınını tanıyır.

Həm özümüzü, həm də başqalarını qoruyaq. Qoruyaq ki, məhdudiyyətlərin olmadığı, daha asudə yaşaya biləcəyimiz həyata tezliklə qovuşaq.

BAKU.WS