SİZİN REKLAM BURADA!
055 213 76 73


Bütün dünyanı cənginə alan koronavirus pandemiyası bir müddətlik səngisə də, yenidən alovlanmağa başlayıb. Son günlər yeni yoluxma halları ilə yanaşı ölüm sayında da kəskin artım müşahidə olunur.

İnsanların həyatını alt-üst edən COVID bəlası bir çox ailələrə faciələr yaşatmağa davam edir. Hətta illərlə eyni həyatı bölüşən bir çox cütlüklər koronavirus səbəbindən eyni gündə də dünyalarını dəyişiblər.

BAKU.WS xəbər verir ki, “modern.az” koronavirusa yoluxaraq həyatdan köçən cütlüklərlə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, ötən ilin mart ayından bu günə qədər bir neçə azərbaycanlı ər və həyat yoldaşı COVID infeksiyasının qurbanı olub.

Belə ki, paytaxt sakinləri 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində COVID-19-a yoluxublar. Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər.

Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. Nəticədə Q.Quliyev və S. Quliyeva eyni gündə - avqustun 14-də xəstəxanada vəfat ediblər.

AzTV-nin "Ədəbi-dram və folklor verilişləri" Baş redaksiyasının rejissoru, həmkarımız Arzu Mövlud (Məmmədova) və həyat yoldaşı ötən gün vəfat ediblər. Dünən səhər saatlarında koronavirusdan həyatını itirən Arzu Mövludun komada olan həyat yoldaşı ondan bir neçə saat sonra dünyasını dəyişib.

Növbəti ailə dramı Moskvada yaşanıb. Rusiyanın paytaxtında yaşayan azərbaycanlı ər və arvad eyni gündə koronavirusdan ölüblər.

Koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Bu barədə müğənni Rəqsanə İsmayılova instaqram hesabında məlumat paylaşıb. Lakin vəfat edən şəxslərin adlarını açıqlamayıb.

Oğuz rayonunda da ər və arvad pandemiyanın qurbanı olublar. Rayonun Xaçmaz kənd sakinləri - 1943-cü il təvəllüdlü Ağaəli Qədir oğlu Hacıyev və həyat yoldaşı, 1948-ci il təvəllüdlü Raya İdris qızı Camaləddinova koronavirusdan vəfat edib.

Məlumata görə, ahıl ər-arvad bir müddət əvvəl COVID-19-a yoluxublar və ev şəraitində müalicə alıblar. Müalicələrə baxmayaraq hər ikisi həyatlarını itiriblər. Onlar bir neçə saat fərqlə həyatla vidalaşıblar.

A.Hacıyev uzun müddət Xaçmaz kənd tibb məntəqəsində feldşer, R.Cəbrayılova isə həmin kəndin məktəbində ibtidai sinif müəllimi işləyib. Hər iki şəxs təqaüddə olub.

Bunlarla yanaşı, tanınmış vəkil Anar Qasımlının xalası Validə Sarıyeva və həyat yoldaşı İlham Sarıyev də koronavirusdan xilas ola bilməyiblər. Onlar bir gün fərqlə dünyadan köçüblər.

BAKU.WS
QALEREYA