Koronavirusun “Delta” və “Delta plus” variantlarının yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən daha sürətlidir.

BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

O bildirib ki, koronavirusun “Delta” variantı COVID-19-un “Britaniya ştammı”, “Hindistan ştammı” kimi mutasiyalarından biridir və kifayət qədər təhlükəlidir:

“Koronavirusun “Delta” variantı “Hindistan ştammı”nın mutasiyaya uğraması ilə əmələ gəldi. “Delta” variantı özü də mutasiyaya uğrayaraq “Delta plus” virusunu yaratdı. Digər mutasiyaya uğramış viruslardan fərqli olaraq bu variant iki dəfə mutasiyaya uğradığı üçün yoluxuculuq xüsusiyyəti digər virus variantlarından iki dəfə yüksəkdir.

COVID-19-da yuxarı yaş qrupuna yoluxanlar çoxluq təşkil edirsə, bu virusda da yaş faktoru bənzər olacaq. Yaşlı nəslin nümayəndələri bu virusu daha ağır keçirə bilər. Bu virusun uşaqlara yoluxması da yüksəkdir. Belə ki, bizdə olmasa da, qonşu ölkələrdə - Rusiya, Gürcüstan, Türkiyə hətta İranda da virusun bu variantları aşkar edilib. Dünyanın 85-dən çox ölkəsində aşkar edilən virus sürətlə yayılır.

Virusun Azərbaycana gəlməsi də mümkündür. Çünki ölkəmizin dörd bir tərəfində bu virus artıq yayılmağa başlayıb. Gec-tez bu virus bizdə də aşkar ediləcək. Yay fəslidir, hər kəs istirahət məqsədilə səyahət edir. Ölkəmizə turistlər, qonaqlar gəlir. Bir sözlə, yerüstü hava nəqliyyatı işlədiyi üçün virusun ölkəmizdə aşkarlanması mümkün ola bilər”.

Həkim bildirib ki, “Delta” variantının diaqnostikası COVID-19-la eynilik təşkil edir:

“Koronavirusun “Delta” variantının müayinə üsulu da COVID-19 infeksiyasının diaqnostikası ilə eynilik təşkil edir. Onun da aşkarlanması üçün ölkəmizdə istifadə edilən testlər, müayinə üsulları kifayət edir”.

Virusun yeni mutasiyasının ilkin simptomları barədə danışan həkim deyir ki, burun axması üstünlük təşkil edir:

“Virusun “Delta” variantı üzərində aparılan təhlillər göstərir ki, onun ilkin simptomları COVID-19-la müqayisədə bir qədər fərqlidir. COVID-19-da hərarət, baş ağrısı, halsızlıq olurdu. “Delta” variantında burun axması, boğaz ağrısı, baş ağrısı daha çox müşahidə edilir.

Eyni zamanda COVID-19 virusuna yoluxub sağalan insanlarda yaranan anticisimlər “Delta” virusuna qarşı immunitetin olması deməkdir. Lakin bu immunitetin nə qədər güclü və davamlı olduğu hər bir orqanizmin fərdi xüsusiyyətindən asılıdır”.

BAKU.WS